top of page
1.jpg

Azərbaycanın qədim milli musiqi alətləri

Bərbət

XVI-XVII əsrlərə kimi Azərbaycanda istifadə olunmuş mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər ailəsinə mənsub olan bərbətin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur.

Əsasən, saray musiqi aləti sayılan bərbət haqqında Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvinin yaradıcılığında ətraflı məlumat verilib. “Bərbət” sözünün bər - “sinə”, bət - “ördək”  sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, “ləpələnmə”, “dalğalanma” mənasını verməsi qeyd olunur. Tarixi mənbələrdən, eləcə də Nizami yaradıcılığından məlum olur ki, bu alətin yaradıcısı öz dövrünün məşhur musiqiçisi, mahir ifaçı Barbəd olub.

Şərq ölkələrində bərbətin müxtəlif növləri var. Onun ilk vətəni Səudiyyə Ərəbistanı sayılır.

Bir çox mənbələrdə bərbətin 3, 8, 10 simli növləri olduğu barədə dəlillər var. Simlər ipək və bağırsaqdan hazırlanır. Bərbət, əsasən, 3 hissədən - çanaq, qol və kəllədən ibarətdir. Çanağı yığma üsulu ilə qoz və ya qırmızı çinar, qol, kəllə və aşıqları isə qoz ağacından hazırlanır. Üzü 4 mm qalınlığında şam ağacı ilə örtülərək üzərində bir neçə yerdən səs rezonatorları açılır. Qolunda 9-12 pərdə olur.

Uzunluğu 665 mm,

eni 465 mm,

hündürlüyü 250 mm, qolunun uzunluğu

205 mm-dir

Çəqanə

Kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olub. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin “Şamaxı rəqqasələri” tablosunda çəqanənin təsvirini verib. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat var.

Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov ça­nağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır. Dayaq rolunu oynayan uzun dəmir şiş çanağın alt hissəsindən keçərək qol ilə çanağı birləşdirir. Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklə örtülür və onun üzərində səs rezonatorları üçün oyuqlar açılır. İfaçı şişi yerə dayayaraq, aləti şaquli vəziyyətdə saxlayır və sağ əlində tutduğu kamanla səsləndirir.

Uzunluğu 820 mm,

eni 220 mm,

hündürlüyü 140 mm

Çəng

Quruluşu etibarı ilə arfa tipli simli-yaylı musiqi alətidir. Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin ən erkən növləri Mesopotamiya və Misir sivilizasiyalarına aid edilir. Azərbaycanın qədim mədəniyyət mərkəzi olmuş Bərdə şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl IV-III əsrlərə aid edilən, üzərində çəng çalan qadın təsvir edilmiş saxsı qab parçası tapılıb. Tarixi mənbələrdən məlum olur ki, orta əsrlərdə Azərbaycanda istifadə olunmuş çəngin, təxminən, 18-24 simi olub.

Yazılı mənbələrdə və miniatür sənət əsərlərində çəng haqqında məlumat olduqca çoxdur.

Çəng sözünün “tutmaq”, “yapışmaq” mənasını verdiyini güman etmək olar. Onun uzunsov və qövsşəkilli hissəsi çanağı təşkil edir. Çanağın açıq üzünə balıq dərisi çəkilir, aşağı tərəfinə bərkidilmiş uzunsov hissə isə qol rolunu oynayır.

Bu hissədə aşıqlar yerləşdirilir. Simlərin bir ucu çanaq hissədə dəri üzərində yerləşdirilmiş metal ilgəklərə, o biri ucları isə taxta aşıqlara bağlanır. Bərpa olunmuş çəngin bağırsaqdan və ipək sapdan hazırlanmış 30 simi var.