PRESS NEWS AZERBAIJAN

“Bizim qarşımızda heç bir maliyyə problemi yoxdur” - İlham Əliyev

28.11.2017

 

“Azərbaycan iqtisadiyyatı bu gün güclü iqtisadiyyatdır və bizim qarşımızda heç bir maliyyə problemimiz yoxdur. Ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək”.

 

PressNews.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 28-də Ağcabədi Olimpiya İdman Kompleksinin açılış mərasimində bildirib.

 

Prezident rayonda aparılan tikinti və təmir işlərinə toxunub:

“Növbəti illərdə Ağcabədidə kənd yollarının tikintisi davam etdiriləcək. Bir neçə kənd yolu layihəsi icra edilib və gələn ildə də nəzərdə tutulur.

 

Çoxmənzilli yaşayış binalarının təmiri məsələsi də gündəlikdədir, abadlıq işlərinə əlavə vəsait ayrılacaq və bir sözlə, rayonun sosial-iqtisadi inkişafı əminəm ki, bundan sonra da uğurla təmin ediləcək”.

 

Dövlət başçısı bildirib ki, Ağcabədidə kənd təsərrüfatı ilə bağlı yaxşı nəticələr var:

“Aqroparklar salınır, böyük taxılçılıq təsərrüfatları yaradılır. Bilirsiniz ki, mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl iri fermer təsərrüfatlarının yaradılması haqqında qərar verildi və ilk belə təsərrüfat – “Qarabağ Taxıl” müəssisəsi Ağcabədidə yaradılıb. Mən o müəssisənin fəaliyyəti ilə tanış olmuşam. Müəssisə öz fəaliyyətini genişləndirir və heyvandarlıq, bitkiçilik sahələrində də böyük imkanlar var. Ağcabədi heyvandarlıq sahəsində ənənəvi mərkəzlərdən biridir, bitkiçiliyə gəldikdə isə, pambıqçılığın da şöhrəti Ağcabədidə bərpa edilir. Sovet vaxtında Ağcabədi iri pambıqçılıq rayonlarından biri idi. İndi biz bu statusu qaytarırıq. Builki nəticələr də yaxşıdır, ağcabədililər müəyyən edilmiş hədəfə çatıblar. Əminəm ki, növbəti illərdə əlavə tədbirlərin, o cümlədən meliorativ tədbirlərin görülməsi nəticəsində məhsuldarlıq daha da artmalıdır və artacaq. Biz növbəti illərdə, ilk növbədə, məhsuldarlığa fikir verməliyik. Bunun üçün bütün tədbirlər vaxtında görülməlidir ki, məhsuldarlıq artsın”.

 

“Biz Ağcabədi rayonunun timsalında ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını görürük. Həm sosial, həm mədəniyyət, təhsil, idman, kənd təsərrüfatı, emal sənayesi sahələrində nəticələr göz qabağındadır və biz, ümumiyyətlə, 2017-ci ili uğurla başa vururuq. Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıbdır. Həm iqtisadi sahədə, xarici siyasət sahəsində, hərbi sahədə çox böyük nailiyyətlərimiz var. İlin sonunda biz belə gözəl idman mərkəzinin açılışını da qeyd edirik.

Bu gün açılışda idmançılar da iştirak edirlər, ilk növbədə, onları təbrik edirəm və tövsiyə edirəm ki, hər bir insan idmanla müntəzəm surətdə məşğul olsun”, – deyə İlham Əliyev əlavə edib.

Please reload

ƏN ÇOX OXUNANLAR