PRESS NEWS AZERBAIJAN

“Cəbhə xəttində vəziyyətə biz nəzarət edirik”

27.06.2014

“Özləri də öz məğlubiyyətlərini etiraf edirlər” 

 

“Ordu quruculuğu məsələnin həllində mühüm rol oynamalıdır”. “Qafqazinfo”nun məlumatına görə, bunu iyunun 26-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birgə əməliyyat-taktiki təlimlərini izlədikdən sonra hərbçilər qarşısında etdiyi çıxışında bildirib.

İ.Əliyev deyib: “Hazırda güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Onu özləri də etiraf edirlər. Özləri də öz məğlubiyyətlərini etiraf edirlər. Çünki onların yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan etmişlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir. O ölkə ki öz təhlükəsizliyini təmin edə bilmir, o ölkə müstəqil ölkə sayıla bilməz. Bu etiraf əslində məğlubiyyətin etirafıdır. Bu etiraf acizliyin etirafıdır. Onlar bizim qarşımızda duruş gətirə bilmir, özləri bunu etiraf edir. Bu gün güclənən Azərbaycan Ordusu məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz erməniləri təşvişə salır. Biz hamımız yaxşı bilirik və operativ məlumat da alırıq ki, Ermənistan ordusu təşviş içindədir. Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik. Ancaq Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır. Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz.   

Biz dəfələrlə mötəbər beynəlxalq kürsülərdən eşidirik ki, məsələ sülh yolu ilə həll olunsun. Amma məsələnin sülh yolu ilə həll olunması bizim iradəmizdən asılıdır. Biz istəyirik ki, bu, sülh yolu ilə həll edilsin. Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz tükənməz deyildir.

Bu gün təmas xəttində əldə etdiyimiz üstünlük artıq reallıqdır. Azərbaycan cəmiyyətində, Azərbaycan Ordusunda ruh yüksəkliyi müşahidə olunur. Ermənistanda, Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Əgər belə olmasaydı, təkcə birinci rübdə 40 min erməni öz ölkəsini həmişəlik tərk etməzdi. Ermənistanda ciddi demoqrafik böhran yaşanır. Bu böhranın əsas səbəbi onların işğalçı siyasətidir. Onlar hesab edirlər ki, müharibədə üstünlük əldə ediblər. Hanı bu üstünlük? Erməni xalqı səfalət içində yaşayır. Ermənistan sadəcə olaraq müstəqil ölkə kimi sayıla bilər. Amma real müstəqilliyi əldən verib. Nəyə görə? İşğalçı siyasətinə görə”.