PRESS NEWS AZERBAIJAN

“Gənclər siyasəti yeni mərhələyə qədəm qoyub”

27.06.2014

Əli Həsənov: “Ölkədə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsidir”

“Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın gələcəyi adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir”. 

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransındakı çıxışında deyib.

Ə. Həsənov bildirib ki, H. Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi, bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaradıb.

1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I forumunun keçirilməsini ölkədə müstəsna əhəmiyyətə malik hadisə kimi dəyərləndirən şöbə müdiri 1997-ci il fevralın 1-də ilk forumun ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən H. Əliyevin fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdiyini xatırladıb.

Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran şöbə müdiri müasir dövrdə gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu deyib: “Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir”.

Ə. Həsənov İ. Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən birinin gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsi olduğunu vurğulayıb: “Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı olan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olunub ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub, dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib.

2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir.

Gənclər Fondu gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yaxından kömək edir. Bu günə qədər 5 qrant müsabiqəsinə yekun vurmuş Fond, ümumilikdə 1457 layihə maliyyələşdirib. Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə Fonda 2 dəfə Prezidentin ehtiyat fondundan, 1 dəfə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.
Cənab İlham Əliyev həmişə çıxışlarında bildirib ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər. 

Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Belə ki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri və xidməti var. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycanlı Gənclər təşkilatının - AMOR-un sədri, IDEA kampaniyasının rəhbəri Leyla Əliyevanın bir gənc olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yeri və rolu var. Onun rəhbəri olduğu AMOR Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər qurumlarından birinə çevrilib.

Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Bununla yanaşı o, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA-nın da əsasını qoyub. Əsas məqsəd ətraf mühitin mühafi