Space telekanalında yayımlanan "Hər bir havada" verilişinin bu həftəki qonaqı gənc aktrisa Kəmalə Quliyeva olub. Aktrisa verilişdə yaradıcılıq planları haqqında danışıb. O deyib ki, Azərbaycanda yeni serial və kinolara çəkilmək üçün təklif alıb.
Uşaqlıqdan aktrisalıq sənətinə böyük həvəsi olduğunu söyləyən aktrisa atasının və əmisinin aktyor olduqlarını da vurğulayıb:"Bu istək məndə ailəmdən qaynaqlanır. Aparıclıq və fotomodellik isə mənim hobbimdir. Ancaq mən həmişə aktrisa olmaq istəmişəm".
Kəmalə veriliş əsnasında şeir yazdığını da dilə gətirib. Onun dediyinə görə, yazdığı şeirlərə mahnılar da bəstələnir:"Bəzən düşünürəm ki, mən çox işlə məşğul oluram. Amma əgər bu məndə alınırsa, niyə də etməyim? İstəyirəm ki, məni xalq artistinin qızı kimi yox, Kəmalə Quliyeva kimi tanısınlar. Mən də buna görə çalışıram".