top of page

Zakir Həsənov hərbçilərə müraciət ünvanladı

Müdafiə naziri, general polkovnik Zakir Həsənov Prezident İlham Əliyevin sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara təbrik-müraciət ünvanlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə bildirilir ki, qarşıda duran ən böyük vəzifə bu torpaqları işğaldan azad etməkdir: "Bu gün sizin hər birinizin həyatında əlamətdar və yaddaqalan gündür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətini başa vuran hərbi qulluqçularımız ehtiyata buraxılır, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlarımız isə ordu həyatına qədəm qoyurlar. Bu münasibətlə sizi və valideyinlərinizi təbrik edirəm. Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar".

Z.Həsənov qeyd edib ki, xidmətini başa vuran gənclər Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq ölkəmizin ərazi bütövlüyünün qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının qarşısının alınmasında öz vəzifə borclarını şərəf və vicdanla yerinə yetiriblər: "Ordu həyatına yenicə qədəm qoyan gənclərimiz isə bilməlidirlər ki, əsgər həyatının özünəməxsus çətinlikləri var. Bu yol heç də hamar yol deyildir. Milli-mənəvi dəyərlərimizə yaxından bələd olan, tariximizi yaxşı bilən, Vətənimizi, torpağımızı, xalqımızı ürəkdən sevən, hərb elmini, etibar edilmiş silah və texnikanı müasir tələblər baxımından dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, millətimizin, ölkə rəhbərliyinin hörmət və etibarını qazanacaqdır. Siz unutmamalısınız ki, torpaqlarımızın bir hissəsi 20 ildən artıqdır ki, düşmən tapdağındadır. Bizim qarşımızda duran ən böyük vəzifə bu torpaqları işğaldan azad etməkdir. Azərbaycan Prezidenti Qarabağ məsələsinin sülh və danışıqlar yolu ilə həll olunması üçün qətiyyətli və inamlı addımlar atır".

Müdafiə naziri bildirib ki, hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, onun güclü dövləti, güclü ordusu və qətiyyətli Prezidenti var: "Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bu günlərdə keçirilən irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri bir daha təsdiq etdi ki, Azərbaycanın istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir və hazır olan ordusu vardır. Mən xidmətini şərəflə başa vurmuş hərbi qulluqçulara Vətənə nümunəvi xidmət etdiklərinə görə təşəkkür edir və onlara uğurlu yol arzulayıram. Əminəm ki, gənc əsgərlərimiz xidmət keçmiş hərbi qulluqçuların ənənələrini davam etdirərək, onların layiqli davamçıları olacaq, Silahlı Qüvvələrimizin döyüş salnaməsinə yeni-yeni parlaq səhifələr yazacaq, Vətənin qalib əsgəri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılacaqlar. Müstəqil dövlətimiz naminə hər birinizə müvəffəqiyyətlər arzulayıram. İnanıram ki, siz hər an Ali Baş Komandanın əmrlərinə hazır olacaqsınız".

bottom of page