top of page

İlham Əliyev: “İrəvan xanlığı ilə bağlı həqiqətlər dünyaya çatdırılmalıdır“

"Biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar" "Daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır". APA-nın xəbərinə görə, bunu Azərbaycan diplomatik korpusunun V müşavirəsində prezident İlham Əliyev deyib. Prezident qeyd edib ki, xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Ölkə başçısı münaqişənin həll olunmamasının başlıca səbəbinin Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləri olması olduğunu da bildirib: " Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməyib. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik". Prezident Ermənistanın mövqeyinin məsələnin sülh yolu ilə həllinə imkan vermədiyini, Azərbaycanın hərbi yolun da istisna edilmədiyini dəfələrlə xatırlatdığını bildirib: " Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurub. Biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq". Prezident Azərbaycanın ordu quruculuğu ilə bağlı ardıcıl siyasətinin düzgün olduğunu vurğulayıb: "Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Sadəcə olaraq hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər". Prezident son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallığın Azərbaycanın artan iqtisadi və hərbi gücü ilə əlaqəli olduğunu deyib: " Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik. Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır. Biz daha da güclü olmalıyıq, oluruq. İqtisadi, siyasi və hərbi potensialımız kifayət qədər güclüdür və danışıqlarda bu amil müsbət rolunu oynayacaq". Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha xatırladan dövlət başçısı diplomatlara bu həqiqəti, həmçinin tarixi İrəvan xanlığı ilə bağlı həqiqətləri mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırmağı tövsiyyə edib: "Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyil. Əlbəttə ki, Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikasını” müstəqil qurum kimi tanımayacaq. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb və tanınmayacaq. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaq. Başqa variant yoxdur!" Prezident vurğulayıb ki, bu münaqişədən xalq, qaçqınlar və köçkünlər əziyyət çəkir: " Ancaq biz məsələni köklü şəkildə həll etməliyik. Yəni, məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər. Təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcək. Ancaq biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır". Prezident qeyd edib ki, gələcəkdə xalqımız bütün tarixi torpaqlara qayıdacaq, qayıtmalıdır: " Mən əminəm ki, o gün gələcək. Çünki bu gün ölkəmizin siyasi çəkisi, iqtisadi potensialı və demoqrafik vəziyyətimiz belə deməyə əsas verir. Bizim əhalimiz artır, artacaq, Ermənistan əhalisi azalır və azalacaq. Bizim Ermənistanı müəyyən dərəcədə təcrid edilmiş vəziyyətdə saxlamağımız bax, bu məqsədi güdür. Biz onları bütün iqtisadi və enerji layihələrindən təcrid etmişik və buna görə tənqid olunmuşuq. Bu gün də tənqid olunuruq. Ancaq biz öz məqsədimizə çatmalıyıq. Tənqid əsaslıdırsa, biz əlbəttə ki, bu tənqidi qəbul edə bilərik. Ancaq əsassız tənqidi biz heç vaxt nəzərə ala bilmərik. Ona görə Ermənistan bundan sonra da təcrid edilmiş vəziyyətdə qalacaq. Belə olan halda çox kiçik daxili bazarı və ixrac imkanları sıfıra bərabər olduğu üçün əlbəttə ki, Ermənistanın inkişaf potensialı yoxdur. Bunun səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır və onların rəsmi statistikasına görə bu ilin birinci rübündə 40 min erməni ölkəni tərk edib. Amma real rəqəmlər ondan da böyükdür. Bu, il ərzində 100 mini keçəcək. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir". Prezident deyib ki, dünyada gedən proseslərin inkişafı Azərbaycanın hər il, hər ay öz məqsədimizə yaxınlaşdığını göstərir: "Məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Budur bizim əsas vəzifəmiz və bu məqsədə çatmaq üçün nəinki diplomatlar, bütün cəmiyyət öz səylərini birləşdirməlidir, birləşdirib. Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ yoxdur və bu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq".

bottom of page