top of page

“Auditoriyada səfirdir” layihəsi çərçivəsində səfirlərlə görüş keçirilib

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin “Auditoriyada səfirdir” layihəsi çərçivəsində növbəti görüşü təşkil olunub. Aktual.az-ın məlumatına görə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovun moderatorluğu ilə keçirilən görüşdə Azərbaycanın Pakistan, Cənubi Afrika Respublikası və Misirdəki səfirləri Daşqın Şikarov, Elxan Poluxov, Şahin Abdullayev, Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev iştirak ediblər. Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov diplomatları peşə bayramları münasibəti ilə təbrik edib, görüşün əhəmiyyətindən danışaraq, iştirakçılara minnətdarlığını bildirib. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev gənc diplomatlara Bakıda keçirilən diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi haqqında məlumat verərək qeyd edib ki, iki ildən bir keçirilən müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər, gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır. Şahin Abdullayev Azərbaycanın ərəb dünyası və İslam ölkələri ilə gündən-günə genişlənən əlaqələrindən danışıb. Elxan Poluxov son illər Azərbaycanın Afrika ölkələri, xüsusilə, Cənubi Afrika Respublikası ilə münasibətlərinin inkişaf etdiyini söyləyib və əməkdaşlığın perspektivlərini görüş iştirakçılarının diqqətinə çatdırıb: “Azərbaycanın çox böyük ambisiyaları var. Buna görə də, Afrika ilə əməkdaşlıq bizim üçün vacibdir. Azərbaycanı bu ölkələrlə birləşdirən və həm də fərqləndirən cəhətlər var. Dünyada, əfsuslar olsun ki, ikili standartlar mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan hər zaman əhəmiyyətli və sabit mövqedən çıxış edərək bu qitənin ölkələri ilə əməkdaşlıqda öz sözünü deyir”. Daşqın Şikarov Azərbaycanla Pakistan arasındakı dostluq və qardaşlıq əlaqələrindən, xüsusilə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkədə həyata keçirilən xeyriyyə tədbirlərindən bəhs edib. “Pakistan dəfələrlə Ermənistanın bütün istəklərinə rədd cavabı verib. Ermənistan Pakistanı razı salmaq üçün bəzi şirnikləndirici təkliflər irəli sürsə də, bunlara qarşı ölkənin mənfi cavabı qəti olub. Pakistan erməni lobbisinin heç bir istəyinə razı olmur”. Nəsimi Ağayev Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə bağlı görülən işlər, xüsusilə Kaliforniya ştatında və onun Los- Anceles şəhərində bu istiqamətdə həyata keçirilən tədbirlər barədə auditoriyanı məlumatlandırıb. Görüş tədbir iştirakçılarının səfirlərə müxtəlif məsələlərlə bağlı suallar ünvanlaması

şəraitində davam edib.

02.jpg

bottom of page