PRESS NEWS AZERBAIJAN

Rusiyanın Ermənistanı dəstəkləməsi Azərbaycana qarşı yönəlməyib?

14.07.2014

Aleksandr Duqin: “İrəvan Moskvanı məyus edir...”

 

 

“Rusiya Ermənistanın Avrasiya Birliyi məsələsində tərəddüdlərindən məyusdur”. Bunu erməni saytına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri, çox vaxt rəsmi Moskvanın açıq deyə bilmədiyi fikirləri dilə gətirən, şovinist fikirləri ilə tanınan rusiyalı politoloq Aleksandr Duqin prezident Serj Sərkisyanın Rusiyanın Azərbaycana silah satmasından gileylənməsinə münasibət bildirərkən deyib.   “Rusiya Ermənistana kömək edir, ancaq bu kömək məxsusi və mütləq deyil və Azərbaycana qarşı yönəlməyib. Məsələ ondadır ki, Moskva Ermənistan və Azərbaycanla müxtəlif səviyyələrdə, fərqli formatlarda münasibətlərə malikdir”, - deyə o qeyd edib. 

Duqin İrəvanı situasiyanı və Rusiya siyasətini dramatikləşdirməməyə çağırıb: “Başqa yandan, İrəvan Avrasiya istiqamətinə nə qədər çox diqqət ayırsa, bir o qədər Avrasiya Birliyinə tez inteqrasiya edər və bir o qədər də Rusiya-Ermənistan münasibətlərinin möhkəmlənməsinə zəmanət qazanar. Mən əminəm ki, çox şey İrəvandan asılıdır. Ermənistanın tərəddüd və şübhələri Rusiyanı məyus edir”. Təbii ki, rusiyalı politoloq bəzi məsələlərdə blef edir və səmimi danışmır. Çünki hamı bilir ki, Azərbaycana, onun ərazi bütövlüyü və suverenliyinə ən böyük təhlükə məhz Moskvanın silahlandırdığı, hərtərəfli dəstək verdiyi işğalçı Ermənistandan gəlir. Rusiyanın bu marionet ölkənin arxasından çəkilməsi yetərlidir ki, Azərbaycan öz torpaq bütünlüyünü qısa zamanda bərpa eləsin. 

 

Ərazilərimizin 21 ildir işğal altında qalmasının əsas baiskarının Rusiya olduğunun artıq dünya da fərqindədir. O ki qaldı rus silahlarının Azərbaycana satılmasına, bu da ilk növbədə Kremlin maraqlarına cavab verir - Rusiya bu yolla həm kasad büdcəsini zənginləşdirir, həm də silah alıcısı kimi Azərbaycanı daha bir üsulla özünü bağlamış olur.