PRESS NEWS AZERBAIJAN

Sona Vəliyeva: “Bu günün “Kaspi təqaüdçüsü”, sabahın “Prezident təqaüdçüsü”dür”

17.07.2014

“Biz yalnız TOEFL, İELTS imtahanından keçən abituriyentlərin sənədlərini xarici universitetlərə göndəririk”

Ali məktəblərə keçirilən qəbul imtahanlarında uğur qazana bilməyən abituriyentlərin MDB ölkələrinə üz tutması, Rusiya, Ukrayna və digər dövlətlərin universitetlərinə imtahansız qəbulu cəmiyyətdə birmənalı qarşılanmır. Əksər ekspertlər bunu top-tüfənglə qarşılasalar da, əks qənaətdə olanlar, “Universitetlər giriş qapısını geniş açmalı, çıxış qapısını möhkəm bağlamalıdır” fikrini rəhbər tutanlar da var.

Editor.az-a danışan “Kaspi” Təhsil Mərkəzinin direktoru Sona Vəliyeva bildirdi ki, rəhbərlik etdiyi təhsil mərkəzi yalnız TOEFL, İELTS imtahanından keçən abituriyentlərin sənədlərini xarici universitetlərə göndərir: “Biz təhsil mərkəzi olaraq xarici universitetlərə üz tutmaq istəyən abituriyentləri ciddi sınaqdan keçiririk. Onların dil biliklərini yoxlayırıq. Bundan sonra həmin abituriyentlərin sənədləri müvafiq xarici universitetlərə göndərilir”.

“Bu günün “Kaspi təqaüdçüsü”, sabahın “Prezident təqaüdçüsü”dür” devizini rəhbər tutduqlarını deyən Sona Vəliyeva “Kaspi” Təhsil Mərkəzini bitirən məzunların ötən illərdə olduğu kimi, bu il keçirilən imtahanlarda da yüksək nəticə əldə edəcəklərinə şübhə etmir: “Bundan öncəki illərdə bizim kurslarımızı bitirən iki məzun “Prezident təqaüdü”nə layiq görülüb. İnşallah, bu il də gözləntilərimiz böyükdür. Amalımız ölkəsini sevən, istedadlı gənclər ordusu yetişdirməkdir və şükürlər olsun ki, öz məqsədlərimizə doğru inamla irəliləyirik”.

 

Please reload

ƏN ÇOX OXUNANLAR