Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Məhəmməd Nəhavəndiandan məktub alıb. Məktubda Hacı Allahşükür Paşazadənin İran İslam respublikasının prezidentinə ünvanladığı məktubun cənab Həsən Ruhaniyə çatdırıldığı, İslam respublikasının rəhbərinin də öz növbəsində Bütün Qafqazın şeyxinə öz təşəkkürünü bildirdiyi qeyd edilib.
Məktubda həmçinin İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin bundan sonra da hər iki ölkə xalqlarının mənafeyi istiqamətində qarşılıqlı hörmətə əsaslanaraq daha artıq genişlənəcəyi və dərinləşəcəyi vurğulanıb.
İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Məhəmməd Nəhavəndiandan məktub:
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə
Müqəddəs Qurban, isar və iman bayramı münasibəti ilə İran İslam Respublikasının möhtərəm Prezidenti Həsən Ruhaniyə ünvanladığınız təbrik məktubu cənab Prezidentə təqdim olunub.
Prezident H. Ruhani cənablarının təşəkkürlərini, həmçinin bu gözəl bayram münasibəti ilə qarşılıqlı təbriklərini Sizə çatdıraraq ümidvar olduğumu bildirirəm ki, dini eləcə də bir çox qədim mədəni ortaqlıq və bağlara malik olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər bundan sonra da hər iki ölkə xalqlarının mənafeyi istiqamətində qarşılıqlı hörmətə əsaslanaraq daha artıq genişlənəcək və dərinləşəcək.
Allah-Təaladan Sizə möhkəm cansağlığı, müvəffəqiyyətlər, bütün müsəlman ümmətinə isə rifah, başucalığı diləyirəm.
Hörmətlə,
Məhəmməd Nəhavəndian
İran İslam Respublikası
Prezidenti Aparatının rəhbəri /anspress.com/