Ukraynada qarşıdurmaların yaşandığı şərq bölgəsində Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması və 298 nəfərin həyatını itirməsi ilə bağlı müzakirələr davam edir. Ukrayna, ABŞ və Qərb ölkələri Rusiya tərəfdarı separatçıların təyyarəni vurduğunu bəyan edir. Həmçinin Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan da təyyarənin Rusiyanın silahı ilə vurulduğunu iddia edib. Rusiya Xarici İşlər Nazirliyi isə araşdırmalar nəticələnmədən Rusiyanı günahlandıranlara əks reaksiya verib. XİN-in açıqlamasında Rusiyanın şəffaf və obyektiv araşdırma tələb edən ilk ölkə olduğu vurğulanıb və araşdırmaların aparılması istiqamətində Beynəlxalq Aviasiya Təşkilatı, Ukrayna, Malayziya və Rusiya səlahiyyətlilərinin iştirakı tələb edilib.
Ərdoğanın açıqlamalarına dolayısı ilə münasibət bildirən rəsmi Moskva xarici ölkə nümayəndələrinin sübutsuz şərhlərinin çaxnaşma yaradacağı barədə xəbərdarlıq edib.