top of page

Magistraturaların boş qalan plan yerlərinə qəbul elan olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqə elan edir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Müsabiqə 2014-cü il martın 2-də və mayın 25-də magistratura səviyyəsinə keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında aparılır. Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar avqustun 4-dən 11-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Bunun üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunacaq. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

bottom of page