PRESS NEWS AZERBAIJAN

Əli Həsənov: Azərbaycanın zəngin ənənələrə malik milli mətbuatı mürəkkəb, lakin şərəfli inkişaf yolu keçib

23.07.2014

"Tarixə nəzər salsaq, görərik ki, zəngin ənənələrə malik olan milli mətbuatımız mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmişdir". Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan milli mətbuatının 139-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib: "Hörmətli jurnalistlər! Xanımlar və cənablar! Bu gün Azərbaycan milli mətbuatının 139-cu ildönümü tamam olur. Sizin hamınızı və bütün Azərbaycan jurnalistlərini bu münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan milli mətbuatı XlX əsrin II yarısında çar Rusiyasında cərəyan edən ictimai-siyasi, iqtisadi və mədəni proseslərin milli ucqarlara, o cümlədən Azərbaycana təsiri altında təşəkkül tapmağa başladı. Həmin dövrdə imperiyada həyata keçirilən liberal islahatlar Azərbaycanda milli burjuaziyanın formalaşmasına və maarifçilik hərəkatının inkişafına əlverişli zəmin yaratdı".

PA rəsmisi qeyd edib ki, Azərbaycan dilində ilk informasiya nümunələri XlX əsrin 30-40-cı illərinə təsadüf edir. Lakin 1832-ci ildə buraxılan "Tiflis əxbarı" və 1845-ci ildə fəaliyyətə başlayan "Qafqazın bu tərəfinin xəbərləri" adlanan nəşrlər ayrı-ayrı dövlət qurumlarının rəsmi bülletenləri idi və milli mətbuat nümunələri hesab edilmirdilər: "Qeyd edilməlidir ki, həmin dövrdə Cənubi Qafqazda 20-yə yaxın rus, 15 gürcü, o qədər də erməni dilində mətbuat-informasiya vasitəsi nəşr edilirdi. Çar Rusiyası sadəcə olaraq Azərbaycan dilində mətbuat orqanının yaradılmasına, Cənubi Qafqazın müsəlman əhalisinin savadlanmasına imkan vermirdi. Bu da həmin dövrdə rus imperiyasının həyata keçirdiyi dini və milli ayrı-seçkilik siyasətinin bariz nümunəsi idi. Odur ki, görkəmli ziyalı, maarifçi və publisist, böyük mütəfəkkir alim və naşir Həsən Bəy Zərdabinin təşəbbüsü, fədakar əməyi və bilavasitə rəhbərliyi ilə ilk azərbaycandilli nəşrin - "Əkinçi" qəzetinin işıq üzü görməsi çox əlamətdar bir hadisə idi və həmin gün - 22 iyul 1875-ci il Azərbaycanda milli mətbuat günü hesab olunur. Azərbaycanda milli mətbuat tarixini şərti olaraq 4 mərhələyə bölmək olar".

Onun sözlərinə görə, birinci mərhələyə 1875-1918-ci illəri aid edirlər: "22 iyul 1875-ci ildə "Əkinçi" qəzetinin ilk nömrəsinin çapı ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. İki ilə yaxın fəaliyyət göstərən "Əkinçi" Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Ələkbər Heydəri kimi açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiət elmlərinin inkişafı ilə bağlı materiallar dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmış, dini mövhumata, xurafata və cəhalətə qarşı fəaliyyət göstərmişlər. İlk növbədə özünün milli maarifçilik ideyası və xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ədəbi dilin formalaşması, obyektiv xəbərçilik və digər bu kimi yaradıcılıq prinsiplərini müəyyənləşdirərək, onları milli jurnalistika məktəbi səviyyəsində təbliğ etmişlər".

Ə.Həsənov deyib ki, XlX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində "Əkinçi" ənənələrini davam etdirən "Ziyayi-Qafqaziyyə", "Kaspi", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin" və digər milli Azərbaycan nəşrləri yaranmış, fəaliyyət göstərmiş və milli oyanış, milli özünüdərk prosesinin aparıcı nümunələri kimi şöhrət qazanmışlar: "Həmin dövrdə milli öndərlərimiz və aydınlarımızdan Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtılı, Abbas Səhhət, Məmməd Səid Ordubadi, Əli Nəzmi və digərləri millətin böyük maarifçilik tribunasına çevrilmiş milli mətbuatımızın səhifələrində xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına mühüm töhfələr vermiş, ən əsası Azərbaycan xalqının azadlıq arzularının gerçəkləşməsində böyük rol oynamışlar".

PA rəsmisi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-1920-ci illərdə Azərbaycan milli mətbuatı öz inkişafının ikinci mərhələsinə qədəm qoymuş, milli müstəqilliyin möhkəmləndirilməsi, milli dövlət, milli-mədəni quruculuq sahəsində AXC-nin fəaliyyətinin geniş kütlələrə çatdırılması və təbliğ olunması istiqamətində hərtərəfli fəaliyyət göstərmişdir: "Bu mərhələdə milli mətbuatın əsas missiyası müstəqil dövlətçiliyə və milli inkişafa xidmət üzərində qurulmuşdur. Həmin dövrdə demokratik prinsipləri, o cümlədən söz və mətbuat azadlığını təsbit edən rəsmi hüquqi sənədlər qəbul edilmiş, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyovların rəhbərliyi ilə "Azərbaycan" qəzeti fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu iki il ərzində "Açıq söz", "İstiqlal", "Azərbaycan", "Bəsirət", "İttihad", "Kaspi" qəzetləri, "Qurtuluş", "Əfkar", "Övraqi-nəfisə" jurnalları da daxil olmaqla ölkədə 129 qəzet və jurnal nəşr olunmuşdur. Həmin dövrün mətbuatı "Əkinçi" ənənələrini davam etdirməklə yanaşı, Əlimərdan Topçubaşov, Əhməd Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Nəsib Yusifbəyli, Əli Hüseynzadə, Məhəmməd Hadi, Abdulla Şaiq, Firudun Köçərli, Əbdürrəhim Haqverdiyev, Süleyman Sani Axundov və digər milli aydınlara, qabaqcıl ictimai-siyasi siyasi xadimlərə, mədəniyyət nümayəndələrinə, maarifçi qələm sahiblərinə geniş meydan verərək milli-müstəqillik, dünyəvi, demokratik cəmiyyət quruculuğu ideyalarının carçısı olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin dünyada tanıdılması işinə böyük töhfələr vermişdir".

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan milli mətbuat tarixinin 1920-1991-ci illəri əhatə edən üçüncü mərhələsi Sovet hakimiyyəti illərinə təsadüf edir. Bu dövrdə mətbuat partiyalı mövqeyi ilə seçilərək, "sosializm realizmi" və kommunizm ideyalarının təbliği ilə məşğul olmuş, bütün SSRİ-də olduğu kimi, Azərbaycan jurnalistikası da ideoloji buxovlar və sərt senzura şəraitində fəaliyyət göstərək məcburiyyətində qalmışdır: "Bununla yanaşı, həmin illərdə milli mətbuatımız texniki imkanları və məzmun cəhətdən öz inkişafını davam etdirmiş, Azərbaycanda yeni teleradio jurnalistikası təşəkkül tapmış, kütləvi informasiya vasitələrinin coğrafiyası və tematikası genişlənərək respublikanın ictimai-siyasi həyatının bütün sahələrini