PRESS NEWS AZERBAIJAN

Bu gündən müəllimlərin işə qəbulu üçün müsahibələr başlayır

30.07.2014

Bu gündən test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul olunmaq hüququnu qazanan müəllimlər üçün müsahibələr təşkil olunmasına başlanılacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Pressnews.az-ın məlumatına görə, müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu iyulun 1-dən 15-ə qədər həyata keçirilib.

Ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib.  İyulun 21-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin II mərhələsi – test imtahanlar başlayıb və bir həftə davam edib. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçirilib.

Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib. 

Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.  

<