PRESS NEWS AZERBAIJAN

Məşhur futbolçu meyiti yaşadığı evdə tapılıb

01.08.2014

 

Məşhur futbolçunun ölümündən 3 gün sonra xəbər tutulub

 

 

Azərbaycanın məşhur futbolçusunun meyiti yaşadığı evdə tapılıb.

 

Səbail rayon Polis İdarəsindən verilən məlumatına görə, 39-cu Polis Bölməsinin yerləşdiyi binadakı mənzillərdən birində bir neçə gün əvvəl dünyasını dəyişmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə çıxıblar.

 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 84 yaşlı Ələkbər Məmmədov olması müəyyən edilib. İlkin ehtimala görə, mərhum üç gün əvvəl dünyasını dəyişib. Evdə heç kim olmadığından bu barədə xəbər tutan olmayıb.

 

Polisdən həmçinin bildirilib ki, Ə. Məmmədov Azərbaycanın məşhur futbolçularından olub. Ə. Məmmədov Bakının "Neftyanik", Moskvanın "Dinamo" komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. SSRİ yığma komandasının tərkibində 1958—1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.

 

Ə. Məmmədov həmçinin Bakının Neftyanik komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub.

 

O, 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülüb. 

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. PRESSNEWS.AZ-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbədəki mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

 

Mənzilə baxış keçirilərkən 1930-cu il təvəllüdlü Ələkbər Əmir oğlu Məmmədov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Ə. Məmmədovun vəfat etdiyi müəyyən olunub.

 

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.