PRESS NEWS AZERBAIJAN

XİN-dən cəbhədə yaranmış gərgin vəziyyətlə bağlı - BƏYANAT

“Yaranmış bu təhlükəli vəziyyətin bütün məsuliyyəti rəsmi Yerevanın üzərinə düşür”.

Azərbaycan Xarici İşlər Nazirliyi təmas xəttində yaranmış gərgin vəziyyətlə bağlı bəyanat yayıb.

XİN mətbuat xidmətindən verilən xəbərə görə, bəyanatda qeyd olunur ki, işğalçı Ermənistan ordusu son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın ediblər:

“Ermənistanın silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çox sayda insan tələfatına səbəb olub. Yaranmış bu təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi Yerevanın üzərinə düşür”.

Azərbaycan XİN qeyd edir ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir.

“Sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır. Buna görə ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarımızın ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və səbr diləyirik! Allah rəhmət eləsin!”, deyə XİN bəyanatında bildirilir.

Похожие посты

Смотреть все

ƏN ÇOX OXUNANLAR