“Bu informasiya yaxın zamanlarda rəsmi Bakı tərəfindən təmtəraqla açıqlana bilər”.
Hərbi mənbələr qoşunların təmas xəttində hər hansı dəyişikliyin olmadığını bildirirlər.
AzNews.az-a istinadən xəbər verilir ki, bu açıqlama ilə hərbi ekspert Cəsur Sümərinli öz Facebook səhifəsində çıxış edib. O, Rusiyanın ermənilərə təzyiqi ilə bir neçə rayonun boşaldılma ehtimalının olduğunu bildirib:
“Bir daha qeyd edirəm: Hərbi mənbələr qoşunların təmas xəttində hər hansı dəyişikliyin olmadığını bildirirlər. Bu gün 3-4 hərbi mənbə ilə əlaqə saxladım. Hamısı da eyni fikirdədir. Hər hansı dəyişiklik yoxdur. Amma... Bu dəqiqələrdə diplomatik mənbələrdən aldığım məlumata görə, mümkündür ki, Rusiyanın təzyiqi ilə erməni tərəfi bir-iki rayonu azad etmək məcburiyyətinə salınıb. Bu informasiya yaxın zamanlarda rəsmi Bakı tərəfindən təmtəraqla açıqlana bilər. Bir qədər gözləyək”.
Xatırladaq ki, dünəndən başlayaraq, ordumuzun Ağdam və Füzuli istiqamətində irəlilədiyi barədə qeyri-rəsmi xəbərlər dolaşır. Hətta bir neçə saat əvvəl Ağdamın Yusifcanlı və Bayramlar kəndlərinin işğaldan azad olunduğu haqda məlumat da yayılıb.