Etirazçılar Ermənistan hakimiyyətindən tələb ediblər ki, Qarabağdan qoşunlarını çıxarsın.
Son günlər təmas xəttində baş verən hadisələrlə əlaqədar İrəvanda izdihamlı etiraz aksiyası keçirilib.
PressNews.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Ermənistan və Avropa İttifaqının bayraqları ilə “Azadlıq” meydanına yürüş edən etirazçılar Qarabağdakı əməliyyatların Ermənistanın xeyrinə olmadığını bildiriblər.
İrəvan sakini Armen Petrosyanın sözlərinə görə, bu müharibə üçüncü qüvvələrin maraqlarına xidmət edir:
“Biz cəmiyyətin də bu müzakirələrə qoşulmasını istəyirik. Biz sülh istəyirik, artıq müharibədən bezmişik”.
Yürüş iştirakçıları məramlarını bütün Ermənistan əhalisinə çatdırmaq istədiklərini deyir. Etirazçılar Ermənistan hakimiyyətindən tələb ediblər ki, Qarabağdan qoşunlarını çıxarsın.
Ermənistan hökuməti mitinqlə bağlı məlumatları yaymağa mane olsa da media mitinqin görüntülərini gizli çəkərək yayıb.
Ekspertlər isə Azərbaycan və Ermənistan prezidentlərinin Soci görüşü əfəsində əhalinin mitinqlər vasitəsilə hakimiyyətə təziq etməkdə maraqlı olduqlarını və bunun yaxın gələcəkdə daha da genişlənəcəyini proqnozlaşdırırlar. Çünki Ermənistan iqtisadi tənəzzül dövrünü yaşayır. Bir tərəfdən sosial gərginlik, digər bir tərəfdən də iqtisadi çətinliklər öz işini görür.
Avqustun birindən Ermənistanda elektrik enerjisinə görə tariflərin qalxması və digər problemlər səbəbindən ölkədaxili sosial narazılıqlar artır. Əgər ötən il 40 min, bu ilin 6 ayında isə 110 min vətəndaşı Ermənistanı tərk edib.