PRESS NEWS AZERBAIJAN

İnanılmaz erməni iddiası: “Ərdoğan İrəvana gəlib, soyqırım abidəsini ziyarət edəcək”

13.08.2014

 

Gələn il aprelin 23-dən 24-nə keçən gecə Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi geniş nümayəndə heyəti İrəvana gələcək və “soyqırımı” abidəsini ziyarət edəcək.

 

PressNews.Az Erməni KİV-lərinə istinadən xəbər verir ki, bu ağlasığmaz iddia ilə bu gün İrəvanda jurnalistlər qarşısında regional məsələlər üzrə ekspert Sərkis Atspanyan çıxış edib.

 

O, məlumatın mənbəyini açıqlamayıb.

 

 

Bununla belə Atspanyan deyib ki, Ərdoğanın səfəri Ankarada dünya erməniləri ilə barışığa dair hazırlanmış böyük planın bir hissəsi olacaq. Bu plan çərçivəsində Əskişəhərdə böyük erməni kilsəsinin restavrasiya olunması, Türkiyənin xəritəsində müəyyən erməni toponimlərinin bərpa edilməsi də nəzərdə tutulur.

 

Həmçinin Türkiyəni Ermənistan sərhədi ilə birləşdirən və Mərmərə sahili boyu uzanan şosse yoluna erməni jurnalist Qrant Dinkin adı veriləcək. Nəhayət, Türkiyə bu ölkədən qovulmuş ermənilərin törəmələrinə vətəndaşlıq hüququ tanıyan qanun qəbul edəcək.

 

“Bu qanun soyqırım qurbanlarına Türkiyə seçkilərində səs vermək, hətta seçilmək hüququ verəcək” - deyə erməni ekspert əlavə edib.

 

Atspanyanın sözlərinə görə, Ərdoğanın erməni məsələsindəki sərt mövqeyinə baxmayaraq bu cür addımlarla Türkiyə beynəlxalq ictimaiyyətə nümayiş etdirəcək ki, ölkə humanis və Avropa dəyərlərinə üstünlük verir.

 

Hələlik Türkiyədən erməni ekspertin sensasion iddiaları ilə bağlı heç bir şərh verilməyib. Xatırladaq ki, bu il ilk dəfə aprelin 24-də Türkiyə baş naziri kimi Ərdoğan 1915-ci il hadisələrində ölən ermənilərin törəmələrinə başsağlığı mesajı yayımladı.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR