PRESS NEWS AZERBAIJAN

Ərdoğan Obamanın bir nömrəli “adamına” çevrilir...

13.08.2014

 

Türkiyədəki prezident seçkiləri, bir neçə gün bundan əvvəl yazdıqlarımızdan, irəli sürüdüyümüz proqnozlardan daha açıq şəkildə özünü büruzə verdi. Sanki hər şey elə gözlənilən kimi oldu. Bu seçkilərin  sadəcə Rəcəb Tayyip Ərdoğanın prezident seçilməsi üçün formal şəkildə təşkil olunduğunu yazdıq, hər şey ortada.  Türkiyə cəmiyyəti sanki baş verəcək nəticələri əvvəldən gördüyü üçün olduqca laqeyd yanaşdı seçkilərə. Həttda o qədər laqeyd ki, 13 milyon seçici seçki məntəqələrinə belə getməyə lüzum görmədi.

Bu seçkilərdə əsas diqqəti çəkən isə, son bir həftədə Israillə yanaşı, ABŞ-a qarşı da sərt ittihamlar irəli sürən Ərdoğanın telefon zənglərinə cavab verməyən B.Obamanın, birdən-birə onu səbirsizliklə təbrik etmək üçün gün sayması və bunu rəsmi Ağ Ev təmsilçisinin mətbuat konfransında elan etməsi idi. Belə görünür ki, B.Obama Vladimir Putindən  tez tərpənib R.T.Ərdoğanı “öz qanadının altına” çəkməyi bacarıb.

 Məncə B.Obama R.T.Ərdoğanın Türkiyə prezidenti olmasını istəməsəydi, Türkiyə müxalifəti “bəh-bəhlə” R.T.Ərdoğanın ayaqları altına hökmdarlıq xalçası sərməzdi. Türkiyə müxalifəti hazırkı Baş nazirin qabağına elə bir namizədlə çıxdı ki, təkcə Türkiyədə deyil, Afrikanın ən ucqar kəndində də hər kəs artıq Türkiyədəki prezident seçkilərinin nəticələrini əvvəlcədən proqnozlaşdırmağa başladı. 11 ildən çoxdur ki, hakimiyyətdə olan bir baş nazirə qarşı, ayaqlarını ardınca sürüyə bilməyən 76 yaşlı qocaman professoru siyasi rinqə çıxarmaq, elə bəribaşdan cənab Ərdoğanın növbəti hakimiyyətini “sinəyə çəkmək” demək idi. Bunun başqa bir adı varmı?. Elə gözlənilən kimi də oldu. Belədə,  türk müxalifətinin dünya siyasətində Ərdoğanın siyasi  himayəçisi adlandırılan Obamanın  tapşırğını yerinə yetirməsinə inanmamaq sadəlövhlük olardı.

Deyesən elə bu variant daha ağlabatandır. Yoxsa CHP və MHP kimi köklü siyasi partiyalar özlərini bu şəkildə rəzil etməzdilər. Elə təkcə bu iki partiyanın öz liderlərinin vahid seçki proqramlarını elan etmələri yetərdi ki, seçkilərdə 51 faiz səslə qalib olan Ərdoğan hansı duruma düşsün. Bunu Obama da yaxşı bilir, elə Ərdoğanın özi də. Amma bu belə olmadı.

Bu seçkilər həm də Türkiyə müxalifətinin siyasi mənada “dirijor çubuğuna” çevdrildiyini də açıq-aşkar ortaya qoydu. Həm Dövlət Baxçalının, həm də Kamal Kılcdaroğlunun yalançı ideoloq çıxışları da müxalifət düşərgəsində təmsil olunan Türkiyə vətəndaşlarının səbrini daşırıb. Həm son parlament seçkilərində, həm də bir neçə gün əvvəl keçirilən prezident seçkilərində müxalifətə olan ictimai münasibət açıq şəkildə onu deməyə əsas verir ki, artıq Türkiyə müxalifətinin özünün yenilənməyə ehtiyacı var. Çünki heç kimə lazım olmayan, hər kəsi bezdirən yalançı şüarlar artıq Türkiyə cəmiyyəti üçün siyasi iyrəncliyə çevrilib. Bu, Türkiyədəki daxili siyasi vəziyyətin və türk müxalifətinin hazırkı gercək vəziyyəti.

 Bəs Ərdoğanın prezident seçilməsindən sonra Türkiyənin siyasi kursu necə olacaq və qardaş ölkə hansı istiqamətə yön alacaq?. Sözsüz ki, indi artıq prezident respublikalı siyasi sistemdə baş nazir postu adi icraçıdan başqa heç nəyə dəyməz. R.T.Ərdoğan bütün səlahiyyətlərə sahib prezidentidir və parlamenti çıxmaq şərti ilə qarşısında heç kimə hesab verəcəyi kimsə yoxdur. Lakin bu proses, neçə on illiklərdir ki,demokratik siyasi sistemdə olan Türkiyə üçün  rahat, xoşagələn heç nə vəd etmir.  Sözsüz ki, Ərdoğanın siyasi himayəçiləri Türkiyə cəmiyyətini necə “sözə baxan” etmək, “əsəb dişini” kökündən qoparmaq üçün əvvəlcədən əla proqram hazırlamamış deyillər.

Lakin Türkiyə üçün, əsas məsələ dünya siyasəti və regionda baş verənlərə bağlı yürüdəcəyi siyasətlə bağlıdır. Daima İsraili söyməklə özünü müsəlman dünyasının müdafiəçisi kimi göstərən R.T. Ərdoğan, artıq bu dəfə tamam başqa mövqe sərgiləməli olacaq. Artıq o Türkiyənin prezidentidir və günlərdir onun qələbəsini səbirsizliklə gözləyən, nəhayət zəng edib təbrik edən B.Obamanın müəyyənləşdirəcəyi xətlə getməli olacaq. Ağ Evin qarşıdakı on illik planında Ərdoğan hansı funskiya daşıyacaq, Türkiyə yaxın Şərqdə hansı rolda çıxış edəcək, Avropaya inteqrasiyası hansı xətlə gedəcək, əsasən də V.Putin B.Obamanın qanadına sığınan R.T.Ərdoğanla necə yola gedəcək,-bütün bunları zaman göstərəcək. Amma əsas odur ki, Ərdoğan Obamanın qaranlıq oyunlarında Türkiyəni zülmətdə itirməsin. Supergüclərin zülmətində aydınlıq heç nə olmur axı...

 

Mətləb