Milli Bank dəmir manatlıqlar da buraxmaq niyyətindədir.
15 avqust dövlət atributlarımızdan sayılan pul vahidimizin, yəni manatın ilk dəfə dövriyyəyə buraxıldığı tarixdir.
PressNews.Az ANS TV-yə istinadən xəbər verir ki, bu illər ərzində milli valyutamız olan manat dəfələrlə dəyərini itirdi və yenidən qazandı, denominasiya olundu. Bu gün isə fakt odur ki, manat, dollar və avro ilə müqayisədə qazanır.
Ölkədə ilk dəfə 1, 10 və 250 manatlıq məhz 1992-ci ilin bu günündə, yəni avqustun 15-də dövriyyəyə buraxılıb. Daha sonra qəpiklər, bir müddətdən sonra isə 5 manatlıq əsginazlar hazırlandı. Bu gün manatın məzənnəsi kifayət qədər yüksəkdir. Elə ona görədir ki, paytaxt sakinləri pullarını bank hesablarına dollar yox, manat şəklində qoymağa daha çox üstünlük verirlər.
İqtisadçılar da hesab edirlər ki, hazırda vətəndaşlar öz vəsaitlərini daha çox manat şəklində saxlayırlar. Çünki manat yığım vasitəsi kimi daha etibarlıdır.
İqtisadçı Vüqar Bayramov deyir ki, qlobal maliyyə böhranı dövründə manat dollara nisbətən öz məzənnəsini saxladı. Halbuki, Özbəkistan, Rusiya, Qazaxıstanda bu ərəfədə valyuta kəskin şəkildə aşağı düşmüşdü.
Düzdür, ayrı-ayrı vaxtlarda valyuta məzənnəsində baş verənlər manata təsirsiz ötüşməyib. Amma 2006-cı idə Milli Bankın həyata keçirdiyi denominasiya Azərbaycan manatının tarixində dönüşə səbəb oldu. Yeni pulların bir manatı 5 min nisbətilə buraxıldı. Elə bunun nəticəsidir ki, indi manat nəinki Azərbaycanın, hətta regionun ən qiymətli valyutası sayılır.
Milli Bank manatın məzənnəsinin davamlı yüksək olması üçün yaxın gələcəkdə dəmir manatlıqlar da buraxmaq niyyətindədir. Bundan başqa dövriyyənin 90 faizini təşkil edən 50, 100 manatlıq əsginazlarla yanaşı, bu faizi yarıbayarı azaltmaq üçün hətta 200, 500 manatlıq əsginazların çapı da nəzərdə tutulub.