Son sutka ərzində Donetsk ərazisində gedən döyüşlərdə 34 dinc sakin ölüb, 29 nəfər isə yaralanıb. ANS PRESS-in məlumatına görə, bu haqda Donetsk Dövlət Administrasiyasının rəsmi saytında açıqlama yerləşdirilib. Ukraynanın şərqində gedən döyüşlər başlayandan ümumilikdə 1748 nəfərin yaralandığı, 951 nəfərin öldüyü qeyd olunur. Donetskdən 35 kilometlik aralıqda Ukraynanın hökumət qoşunları İlovaysk şəhərini tutublar. Separatçıların tank və artilleriyanın köməyi ilə əks-hücumları zamanı Milli qvardiyanın 9 hərbi qulluqçusu ölüb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının açıqlamasına görə, son 24 saat ərzində separatçılara qarşı gedən döyüşlərdə 9 hərbçi ölüb, 22 yaralı var. Döyüşlər həmçinin Makeyevka şəhərində gedir. Orada artilleriya mərmisinin düşməsi nəticəsində kimyəvi zavod yanıb. Donetskin özündə vəziyyət gərgin olaraq qalır, atış eşidilir. Bu haqda meriya bildirib. Meriya başqa yerə getmək istəyən əhali üçün elanlar yerləşdirib. BMT-nin məlumatına görə, rəsmən münaqişənin ilk vaxtlarından bəri 700 min Ukrayna qaçqını Rusiya Federasiyasına gedib. Onlardan yalnız 168 mini rəsmən qeydə alınıb. Rusiyanın ictimai palatası hesab edir ki, qaçqınların sayı milyona yaxınlaşır.