top of page

“Ailəsini saxlaya bimirdi, pulunu vermədilər”- Suriyaya gedən güləşçinin anası

"Soruşdum ki, Türkiyəyə niyə getmisən, dedi işləməyə, burada fəhlə işləyəcəm”

“Mən elə bilirdim oğlum Bakıya gedir. Bir neçə gündən sonra zəng elədi ki, Türkiyədəyəm məndən narahat olmayın, buraya işləməyə gəlmişəm”.

AzVision.az-a Suriyaya gedən peşəkar güləşçi Rəşad Baxşəliyevin anası Mirvari Baxşəliyeva deyib.

Oğlunun Suriyaya getməsinə inanmadığını deyən ana R.Baxşəliyevin Türkiyədə olduğunu bildirib.

“Rəşad Bakıya xəstə uşağını gətirmək üçün getmişdi. Bir neçə gün ondan xəbər çıxmadı. Sonra zəng elədi ki, ana mən ailəmlə Türkiyədəyəm. Soruşdum ki, Türkiyəyə niyə getmisən, dedi işləməyə, burada fəhlə işləyəcəm”.

Mirvari xanımın bildirdiyinə görə, oğlu ilə birlikdə Türkiyəyə 4 nəfər gedib. Onlardan 3-ü ailəli, biri isə subaydır.

“Onların ailələri mənə zəng edib dedi. Heç nədən xəbərim yox idi. Gəldim ev-eşiyi süpürüb sildim ki, Bakıdan hələ 40-ı çıxmamış uşağını götürüb rayona gələcək. Gözlədim gəlmədi, bir də eşitdim ki, Türkiyədədir. Yaman günə qalmışam. Türkiyəyə onu tələbə yoldaşı dəvət edib. Biz də əvvəlcə çox narahat olduq. Səs-küy saldıq. Aləm bir-birinə qarışdı. Özü dedi ki, ay mama, yalan sözdür, mən əvvəlcədən əmimə dedim ki, Türkiyəyə işləməyə gedəcəm, anama demə”-deyə güləşçinin anası bildirib.

Əslən Kəlbəcər rayonundan olan M.Baxşəliyeva oğlunun neçə ildir namaz qıldığını, pis əməllərinin olmadığını deyib.

“Mənim uşağımın gözü kordur, idmanda zədə alıb. Burada pul vermirdilər. İsmayıllıda İdman Kompleksində müəllim işləyirdi. Ona neçə il işləməsinə baxmayaraq kompleksin direktoru Tofiq pul vermədi. Qaldı yaman günə, ailəsini saxlaya bimirdi. Arvadı yazıq bir gəlin idi. Oğlum deyirdi, mama bu iş zəhərə qalsın. Nə ilə dolanım mən.

Onu heç əsgər də aparmamışdılar. Dedim uşağımı əsgər aparın, qoyun elə Qarabağda ölsün. Daxili İşlər Nazirliyinə məktub yazdım ki, mənim balamı əsgər aparın. Aparmadılar.

Neyniyirəm indi qucağında iki körpə ilə küçələrə düşüb. Nə bilirəm. Heç düzgün məlumat bilirəm ki, mən? Bir dəfə danışmışam. Demişəm hardasan, deyib, Türkiyədəyəm, onunla da əlaqə kəsilib. Kod Türkiyənin kodu idi. Vəssalam. Belə bir söz də dedi ki, telefon almağa pulu yoxdur”.

Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan Rəşad Baxşəliyev peşəkar güləşçi, Respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançıdır

O, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib.

bottom of page