top of page

Milli Qəhrəmanın adı məktəbdən götürüldü

Ailəsi etiraz edir.

Milli QəhrəmanTahir Həsənovun ailəsi oğlunun adını daşıyan məktəblə bağlı məsələni ictimailşdirməyi xahiş edib.

PressNews.Az Modern.az-a istinadən xəbər verir ki, Milli Qəhrəmanın anası Qalibə xanım baş verənlərlə bağlı deyib:

“Bakının 28 may küçəsində, “Nizami” kinoteatrına çatmamış 23 saylı məktəb vardı. 2 il bundan qabaq həmin məktəbi təmir üçün bağladılar. Təmir artıq başa çatıb, 2 gün bundan qabaq gedib gördüm ki, məktəbə oğlumun adını verməyiblər. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə həmin məktəbə oğlumun adı verilib.

1994-cü ilin sentyabrın 3-də orada büstünü də açdılar. O büstü məşhur heykəltəraş Ömər Eldarov düzəltmişdi. Həmin büstün açılışında mərhum prezident Heydər Əliyev də iştirak edib. İndi isə büstü harasa atıblar.

Bunu kimin etdiyini soruşdum. Məktəbdə bunu edənin kim olduğunu bilmirlər. Bəlkə də büstü ya oğurlayıblar, ya da harasa atıblar. Məktəbin direktorundan da oğlumun adının götürülməsinin səbəbini soruşdum. O da “xəbərim yoxdur, göstəriş belə olub. Mənə nə deyiblər onu da etmişəm”, - deyir. Çox xahiş edirəm, müvafiq qurumlardan, bu məsələni diqqətsiz qoymasınlar”, - deyə Qalibə xanım bildirib.

Qeyd edək ki, Tahir Tofiq oğlu Həsənov 1970-ci il fevralın 22-də Bakı şəhərində doğulub.

O, kəşfiyyat qrupuna rəhbərlik edib, Ağdərə, Başkənd, Meşəli, Çıldıran döyüşlərində iştirak edib, qəhrəmanlıqla vuruşub, 1992-ci il sentyabrın 2-də Çıldıran döyüşündə sona qədər mübarizə aparıb, sonda düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partladıb və bir neçə düşməni məhv edib.

bottom of page