Avtobusun səhvi ucbatından «Chaqman» 6 avtomobili əzik-əzik etdi
Qəzanın paytaxtın Nizami rayonu ərazisində baş verdiyi ehtimal edilir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə çəkilən görüntülərdən aydın olur ki, bu qəzada əsas səbəbkar avtobus sürücüsüdür. Çünki o, yolun sağ zolağında bir cərgədə maşınların dayandığını gördüyü halda sərnişinin «burada saxla» əmri ilə dərhal əyləci basıb dayanır. Bu zaman arxadan yüksək sürətlə hərəkət edən «Chaqman» markalı yük maşını sürəti azalda bilmir və toqquşma baş verir.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bu kadrlarla bağlı Avtosfer.az-a fikirlərini açıqlayıb: «Bu dəhşətli kadrlardan aydın şəkildə görünür ki, ilk olaraq avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, nəinki dayanacaq olmayan yerdə, hətta iknci cərgədə dayanır, baxmayaraq ki, cəmi 15-20 metr qabaqda birinci cərgədə də dayanmaq olardı. Özü də bu “ağıllı” sürücü qəza dayanma siqnalını qoşmağı unutmasa da, dayanarkən arxaya baxmağı özünə rəva görmür. Əgər o, belə hoqqabazlıq edərkən güzgülər vasitəsilə arxaya baxsaydı, yəqin ki, üstünə şığamaqda olan yük avtomobilini görüb, dayanmazdı. Amma yük avtomobilinin sürücüsü də öz “intizamlılığı” ilə geri qalmır. Bu “mahir” pilot öz “Chaqman”ıni “Formula-1” yarışlarındakı avtomobil sayır. Ara məsafəsini gözləmədən şütüyür, özü də avtobus dayanarkən boş olan qarşı hərəkət zolağına yox, maşınların sıra ilə dayandığı sağ tərəfə yerdəyişmə edir. Maşınında əyləc olduğunu isə deyəsən toqquşma anında yadına sala bilir. Nəticə göz qabağandıdır.