PRESS NEWS AZERBAIJAN

RİA Novosti-dən Azərbaycana qarşı təxribat

02.09.2014

 

Rusiyanın RİA Novosti (“Rossiya Seqodnya”) Beynəlxalq İnformasiya Agentliyi növbəti dəfə Azərbaycana qarşı informasiya təxribatına yol verib.

 

PressNews.Az APA-ya istinadən xəbər verir ki, agentlik özünün İrəvan müxbirinə istinadən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” 23 illiyi ilə bağlı məqalə yayıb.

Məqalədə Azərbaycanın ərazi bütövlüyü və tarixi təhrif olunub, “Dağlıq Qarabağın erkən orta əsrlərdə Ermənistanın tərkibində olması” qeyd olunub.

 

Azərbaycan Milli Məclisinin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı isə APA-ya açıqlamasında RİA Novosti agentliyinin materialında yer alan iddiaların əsassız olduğunu bildirib.

 

M.Qasımlı deyib ki, tarixi mənbələr ermənilərin Cənubi Qafqaz regionunda aborigen, gəlmə olduqlarını sübut edir. Onun sözlərinə görə, buna görə Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi ilə bağlı 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsinin mətninə diqqət yetirmək yetərlidir:

 

“Belə əsassız iddianı irəli sürənlər baxsınlar ki, Kürəkçay müqaviləsinin altında kimin imzası var? Müqavilədə ermənilər xatırlanırmı, adları varmı? Bunların heç biri yoxdur. Qarabağ Azərbaycan xanlığı olub, Azərbaycan xanlığı kimi Rusiya tərəfindən ilhaq edilib. Cənubi Qafqazda Ermənistan adlı bir dövlət olmayıb, ermənilər sistemli şəkildə Cənubi Qafqaza 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra köçürülməyə başlanılıblar. Bununla bağlı çar Rusiyası hökumətinin yüzlərlə sənədi var. Cənubi Qafqazda Ermənistan adlı dövlət 1918-ci ildə türk torpaqlarında yaradılıb, ilk adı Ararat Respublikası olub”.

 

Xatırladaq ki, hazırda agentliyin baş direktoru Dmitri Kiselyov, baş redaktoru isə Marqarita Simonyandır.