top of page

Avropa İttifaqı komissarı Bakıda mühüm bəyanatlar verdi

Ştefan Füle: «Anlayıram ki, Azərbaycan dövlətinin iddia və maraqlarını nəzərə almalıyıq»

Elmar Məmmədyarov: «Bizi tənqid edirlər, amma bu sırada sonuncu ölkə deyilik»

«Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”

"Bakıda keçirilən "Şərq Tərəfdaşlığı" proqramının xarici işlər nazirlərinin görüşü iştirakçı ölkələrin Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsinə imkan yaradacaq".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən 4-cü qeyri-rəsmi görüşünün açılışında deyib. Nazir bildirib ki, Azərbaycan bu il çox intensiv şəkildə Avropa İttifaqı ilə inteqrasiya məsələlərini müzakirə edib.

Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle isə çıxışında bəyan edib ki, "Şərq Tərəfdaşlığı"na daxil olan 6 ölkə Aİ üçün vacib ölkələrdir: "Biz bu altı ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik".

Ş. Füle qeyd edib ki, toplantıda regionda baş verənlər müzakirə olunacaq: "Bu görüş Avropa İttifaqını daha yaxından anlamağa, sülh və sabitlik üçün birlikdə nələr edə biləcəyimizi müəyyənləşdirməyə imkan verəcək". Avropalı komissarın fikrincə, bu görüş tərəflər arasında həmrəyliyi və etimadı gücləndirəcək.

Füle jurnalistlərə açıqlamasında bildirib ki, hər dəfə Azərbaycana gələndə burada baş verən dəyişikliklər onu heyran qoyur. "Mən gözəl Bakı şəhərindən həzz alıram. Anlayıram ki, Azərbaycan dövlətinin iddia və maraqlarını nəzərə almalıyıq".

Ştefan Füle Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirib: "Mən qeyd etmişəm ki, "Şərq Tərəfdaşlığı"nda önəmli məqamlardan biri hər bir ölkənin suveren qərar vermək hüququdur. Azərbaycan burada çox önəmli rol oynayır. Bu suverenlik yalnız hansısa prinsip və ya siyasətə deyil, eyni zamanda real şərtlərə, real vəziyyətə əsaslanmalıdır. Onlardan biri də enerji təhlükəsizliyi məsələsidir. Bu, sadəcə, söz deyil, suverenlik və müstəqilliyə təminatın əsas şərtlərindən biridir. Hər hansı ölkə bu sahədə inhisarçı ölkənin girovuna çevrilməməlidir və Azərbaycan bu baxımdan çox önəmli tərəfdaşdır. Gələcəkdə daha da önəmli rol oynayacaq".

Ştefan Füle Azərbaycanda vətəndaş cəmiyyətinin önəminə də toxunub: "Bir çox ikitərəfli görüşlər keçirdim. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüm. Bu görüşlərdə belə bir inamımı ifadə etdim ki, hökumət və vətəndaş cəmiyyəti nümayəndələri bu cəmiyyətin fəaliyyəti ilə bağlı çağırışlara bir yerdə baxacaqlar. Ona görə ki, son illər Azərbaycanda vətəndaş cəmiyyəti daralır. Mən Avropa Şurasının baş katibi və Azərbaycan Prezidenti ilə müzakirələr aparmışam".

Füle Azərbaycanın Avropanın ən nüfuzlu təşkilatlarından olan Avropa Şurasına sədrliyini də xatırladıb və ümidvar olduğunu bildirib ki, Azərbaycan sədrliklə yanaşı, öz ölkəsində həmin dəyər və prinsipləri daha dərindən bərqərar edəcək:

"Azərbaycan çox önəmli vəziyyətdədir, ən prestijli təşkilatlardan birinə - Avropa Şurasına sədrlik edir. Bu təşkilatın əsas rolu Avropa dəyərlərinin prinsiplərini bərqərar edib, qorumaqdır. Mən burada Azərbaycanın çox önəmli töhfəsini gözləyirəm və bunu çox yüksək qiymətləndirirəm. Ümid edirəm ki, Azərbaycan sədrliklə yanaşı, bu dəyər və prinsipləri öz ölkəsində daha geniş bərqərar edə bilər".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov öz növbəsində komissarın Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və QHT-lərlə bağlı fikirlərinə münasibət bildirib. Nazir deyib ki, Azərbaycan QHT-lərlə bağlı şəffaflığa nail olmaq istəyir:

"Biz QHT-lərdən daha çox şəffaflıq görmək istəyirik. Onlar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli, fəaliyyətinin hədəflərini qeyd etməlidir. Azərbaycan demokratik və açıq cəmiyyət yaradır. Ona görə də biz Avropa dövlətləri ilə eyni standartları tətbiq edirik. İnsan haqlarına gəlincə, qanunun aliliyinin pozulması mümkün deyil. Bəzi beynəlxalq QHT-lər, təşkilatlar Azərbaycanı bu sahədə tənqid edirlər. Amma Azərbaycan bu ölkələr sırasında sonuncu deyil".

Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmidt isə Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığı gələcəkdə daha da möhkəmləndirmək istədiyini vurğulayıb: "Xüsusilə bizim üçün çox vacib olan enerji və təhlükəsizlik sahələrində".

bottom of page