top of page

“Kaspi” Təhsil Şirkətinin nəzdində lisey və uşaq bağçası açılacaq

“Kaspi” Təhsil Şirkətində təhsil alan abituriyentlərin 10 faizi 600-dən yuxarı, 25 faizi 500-600 arası, 35 faizi isə 400-500 arası bal toplayıb. Üç tələbə isə daha yüksək nəticələr göstərərək Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Tibb Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olublar. Şirkət fəaliyyət göstərdiyi müddətdə 5 minə yaxın abituriyent ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıb. Bu il Kaspi Təhsil Şirkətinin 150-yə yaxın tələbəsi xaricdə təhsil almağa göndəriləcək". APA TV-nin məlumatına görə, bu fikirləri “Kaspi” Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva 2013-2014-cü tədris ilinin yekun hesabatına həsr olunmuş mətbuat konfransında deyib.

"2013-2014-cü tədris ilində “Kaspi” təhsil mərkəzləri abituriyent hazırlığı üzrə 97 faiz nəticə göstərib. Şirkət hər zaman tələbələrə yüksək səviyyədə təhsil vermək, eyni zamanda, gələcəyə peşəkar kadr hazırlamaq üçün çalışır". Təhsil ocağının fəaliyyət göstərdiyi 7 il ərzində əldə etdiyi uğurlardan söz açan şirkətin direktoru Elnur Əliyev “Kaspi”nin mərkəz kimi fəaliyyətə başlaması, inkişafı yolunda atılan addımlardan danışıb. Elnur Əliyev “Kaspi”nin artıq şirkət statusu aldığını bildirib: "Diqqət yetirilən digər mühüm məqam isə “Kaspi” Təhsil Şirkətinin yeni "Kaspi liseyi"nin və bu liseyin nəzdində "Kaspi uşaq bağçası"nın açılışıdır. Bu il həmçinin şirkətin 2 filialı - Nəsimi və Masazır ərazində fəaliyyətə başlayacaq. Yeniliklər bununla kifayətlənmir və gələcəkdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək". Tədbirin sonunda yüksək nəticə göstərən tələbələrə şirkət tərəfindən hədiyyələr təqdim olunub.

bottom of page