PRESS NEWS AZERBAIJAN

Orta məktəblərin son siniflərində icbari fənlərin sayı azaldılacaq

11.09.2014

Azərbaycanda iki ildən sonra Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdə müvafiq eksperimental tədris planlarının tətbiqinə başlanıla bilər.

Trend-in məlumatına görə, Bakı şəhərinin təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Təhsil Nazirliyində son siniflərdə ixtisaslaşma imkanını verən və beləliklə son siniflərdə icbari fənlərin sayını azaldan tədris proqramları hazırlanmalıdır.

Nazirin sözlərinə görə, dünya ölkələrinin əksəriyyəti orta təhsil sistemində 12 və daha çox illik təhsil sistemini tətbiq edir: "Lakin biz bunu kor-koranə tətbiq edə bilmərik və etməməliyik. Bunun üçün son siniflərdə ixtisaslaşmanın olması fəlsəfəsini ortaya qoymalıyıq. Orta məktəbin son siniflərində icbari fənlərin sayının azaldılması qarşıya bir məqsəd kimi qoyulub"
.
M.Cabbarov deyib ki, həmin tədris proqramı hazırlandıqdan sonra uzun müddətdə Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərində sınaqdan keçirilməlidir. Bu proqram məktəblərdə həm də alternativ imkan kimi təqdim olunmalıdır: "Bir sözlə, bu, şagird və ya valideynin seçimi olmalıdır. Analoji şəkildə, öz ixtisasını seçən və gələcəyini texniki, humanitar ixtisaslarda və ya tibb elmlərində və digər ixtisaslarda görən şagird üçün ixtisaslaşmış proqram təmin olunmalıdır".

Nazir onu da əlavə edib ki, 12 illik təhsil sisteminə keçidin vaxtı barədə qərar ictimaiyyətə əvvəldən elan ediləcək.