Azərbaycanda vətəndaş nikahının hüquqi cəhətdən tanınması təklif olunur
Bu nikahla yaşayanların sayı rəsmi nikaha girənlərin sayına demək olar ki, çatıb.
Azərbaycanda vətəndaş nikahının hüquqi cəhətdən tanınması, bununla bağlı qanunvericiliyə yeniliyin edilməsi təklif olunur.
PressNews.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Sosial siyasət komitəsi ilə keçirdiyi birgə iclasda bu barədə təklif irəli sürülüb.
Deputatlar Yaqub Mahmudov, Fəzail Ağamalı və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycanda artıq vətəndaş nikahı ilə yaşayanlar və bu nikahdan övlad dünyaya gətirənlərin sayı rəsmi nikaha girənlərin sayına demək olar ki, çatıb.
Onlar son vaxtlar ictimaiyyətdə bu mövzuda baş qaldıran narahatlıqları da misal çəkərək deyiblər ki, xüsusən bu cür nikahdan dünyaya gələn uşaq ilə bağlı ciddi problemlər yaşanır. Onlar bununla bağlı Ailə Məcəlləsinə və digər qanunvericilik sənədlərinə tənzimləyici müddəaların salınmasını təklif ediblər.