PRESS NEWS AZERBAIJAN

YAP-dan Şeyxin qardaşına cavab

18.09.2014

 

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deputat həmkarı, Şeyxin qardaşı Cavanşır Paşazadənin yas mərasimlərindəki israfçılıq halları ilə bağlı sərt açıqlamasına münasibət bildirib.

 

Millət vəkili açıqlamasında bildirib ki, yas mərasimlərinin neçə keçirilməsi ilə bağlı hələ ki, dövlət səviyyəsində qanun qəbul olunmayıb.

 

Söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyələrindən gedir. Deputatın sözlərinə görə, bu tövsiyə ictimaiyyətdə müzakirə olunub və müxtəlif fikirlərə gətirib çıxarıb. Yas mərasimlərinin sadələşdirilmiş şəkildə keçirilməsi ictimai müzakirələrdən gəlinən qənaətdir: “Müzakirələr heç də kimisə yaxınlarına hansısa formada yas mərasimi təşkil etməsinə qadağa qoya bilməz. Deputat həmkarımla razıyam ki, kiminsə yas mərasimi keçirməsi onun şəxsi işidir. Bununla bağlı dövlət heç kimə müdaxilə etmir. Azərbaycan dövləti heç bir zaman bunu qarşısına məqsəd qoymayıb. Söhbət ictimai müzakirələrdən, Azərbaycan cəmiyyətində əksəriyyətin bu məsələyə münasibətin müəyyənləşdirilməsindən gedir. Lakin kimsə öz yaxının yas mərasimini hansı formada keçirməsi onun hüququdur. Hesab edirəm ki, onu nə məsuliyyətə cəlb etmək, nə də qınaq obyekti etmək olar”.

 

O, İcra Hakimiyyətlərinə bununla bağlı verilən qeyri-rəsmi göstərişə də münasibət bildirib. Deputatın sözlərinə görə, bu, aparılan işlərə mənfi təsir edir: “Biz polis dövlətində yaşamırıq, hüquqi dövlətdə yaşayırıq. Hətta oradan yığılan ərzağın hansısa xeyriyyə məqsədilə istifadəsi belə, düzgün deyil. Yas sahibi nə cür hesab edərsə, yasını da o cür yola verməlidir. Sadəcə, yas mərasimlərinin sadə keçirilməsi arzuolunandır”. (AzNews.az)

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload