top of page

Ziya Məmmədovun möhtəşəm tıxac layihəsi

Bakını tıxac bəlasından qurtarmaq üçün Nəqliyyat Nazirliyi müəyyən addımlar atsa da problemi aradan qaldırmaq mümkün deyil. Hətta Nəqliyyat Nazirliyi problemdən çıxış yolu kimi qeyri-adi təklif də irəli sürüb. Belə ki, tıxacların aradan qaldırılması üçün bölgələrdən Bakıya gələn avtomobillərin şəhərə buraxılmaması nəzərdə tutulur.

Yəni, rayonlardan paytaxta üz tutanlar maşınlarını Bakının girişində salınacaq xüsusi dayanacaqlarda saxlayıb şəhərə taksi və marşrut avtobusları ilə daxil olacaqlar. Nazirlik qeyri-adi ideyanı rayonlardan gələn sürücülərin bəzən yol qaydalarını bilməməsi və bu səbəbdən də şəhərdə qəzalar törətmələrilə izah edir. Problemin həlli istiqamətində artıq nazirlikdə layihələr var. Layihəyə əsasən, Bakıya rayondan gələn avtomobillərin park edilməsi üçün xüsusi dayanacaqlar yaradılacaq. Yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq. Rayondan gələn sürücü maşınını burada qoyacaq və istədiyi yerə ictimai nəqliyyat, yaxud taksilə gedəcək. PressNews.Az Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb və layihə ilə bağlı hazırda hansı işlərin görüldüyünü öyrənib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, plana uyğun olaraq bununla bağlı işlər aparılır. “Hazırda bu istiqamətdə işlər gedir. Şəhər kənarında olan bu dayanacaqlardan növbəli istifadə olunması üçün tədbirlər görüləcək” N.Həsənov bildirib.

bottom of page