Ərdoğan Fətullah Güləndən əl çəkmir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorkdadır. Ərdoğan Nyu-Yorkda olarkən jurnalistlərin suallarını cavablandırıb. Ərdoğana yenə də Fətullah Gülənlə bağlı sual verilib.
Ərdoğan jurnalistlərə açıqlamasında NATO-nun Uels sammitində ABŞ prezidenti ilə görüşdə Fətullah Gülənlə bağlı müzakirələr apardığını təsdiqləyib. Türkiyə prezidenti Obama ilə görüşü ilə bağlı danışarkən bunları deyib: “Mən ona vəziyyəti izah etdim. Lakin gözlədiyim kimi cavab almadım”. Ərdoğan ekstradisiya mövzusunda həmişə Türkiyənin ABŞ-la əməkdaşlıq etdiyini və bunun qarşılığını da Obamadan gözlədiyini deyib: “Əgər biz başqalarına model olaraq göstərilən strateji tərəfdaşıqsa ABŞ-ın istəyi ilə cinayətkarları, saxlanılan şəxsləri geri qaytarırıqsa, ABŞ da bunu etməlidir. Mən onlara bunu izah etdim.
Söhbət milli təhlükəsizliyimizi təhdid edən şəxsdən gedir. Fətullah Gülən günahkardırsa, o zaman bu adam deportasiya ediməlidir. Ya da ABŞ bu adamın günahsız olduğunu iddia edirsə, bizə versin. Mən bunu Obamaya bu şəkildə izah etdim”. Ərdoğan yaxın günlərdə Fəthullah Gülənin İnterpol xətti ilə beynəlxalq axtarışa veriləcəyini, onun barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyini də bildirib.
Yeri gəlmişkən, Türkiyə prezidenti Dünya Yəhudi Konqresinin rəhbəri ilə görüşməkdən imtina edib. ABŞ-a səfəri çərçivəsində Ərdoğan Nyu Yorkda Yəhudi Konqresnin rəhbəri Ronald Lauderlə 10:45-də görüşməli idi. Lakin konqres rəhbərliyi görüşün vaxtını bir gün ertələnməyi xahiş edib. Ərdoğan isə gərgin iş qrafiki səbəbindən görüşü ləğv edib.