“Erməni icması 50 faiz azalıb”
2011-ci ilə qədər 100 minə yaxın erməninin yaşadığı Suriyada bu gün erməni icması yarıbayarı azalıb
Bu barədə Suriya ermənilərinin bugünkü durumu ilə bağlı Hələb şəhərində nəşr olunan “Qandsazar” qəzetinin baş redaktoru Zarmik Poqikyan məlumat verib. Poqikyanın sözlərinə görə, 3 il davam edən Suriya müharibəsi zamanı erməni icmasının 100 üzvü həlak olub, 106 nəfər isə xəsarət alıb.
Bundan başqa, icma üzvlərinin 1700-dən artıq mənzili, ictimai obyektləri, o cümlədən məktəbləri dağıdılıb: “İtkimiz 100 nəfərdir. 106 nəfər isə girov götürülüb. Onlara görə pul tələb edirlər. Adətən, quldurlar yüksək məbləğ tələb edirdilər və əgər bu məbləğ ödənilmirdisə, girovlar öldürülür. Hazırda 106 girovdan 6-sının harada olması barədə ümumiyyətlə, heç bir məlumatımız yoxdur. 1700 mənzil və icmaya məxsus struktur obyekti də dağılıb. 100-dən artıq erməninin çalışdığı zavodlar, özəl müəssisələr artıq yoxdur”. O əlavə edib ki, kütləvi mühacirət Suriya ermənilərinin sayının kəskin azalmasına səbəb olub: “Erməni icması 50 faiz azalıb. 12 min nəfər Ermənistana, 15 min nəfər Livana mühacirət edib. Ermənistan və Livan vasitəsilə daha bir neçə min insan ABŞ və Qərbi Avropa ölkələrinə köçüblər”. Sonda qəzet redaktoru Suriyada 30 min erməninin qaldığını ehtimal edib.