Göyçay rayonu Qızılağac kəndində ev quşları arasında qeyri-adi təbiət hadisəsi müşahidə olunur. APA TV-nin məlumatına görə, maraqlı hadisə Bəşirovlar ailəsinin fərdi təsərrüfatında baş verib. Bir neçə ay əvvəl yumurtadan çıxan cücələrdən birinin yerişi ev sahibinin marağına səbəb olub. Azad Bəşirov deyir ki, qeyri-adi yerişi ilə hər kəsin marağına səbəb olan ev quşu çox asanlıqla qidalana bilir. Ev sahibi uzun illərdir ki, öz həyətində ev quşları saxlasa da, heç vaxt belə bir maraqlı hadisənin şahidi olmadığını deyir. Azad Bəşirov bu toyuğu satmaq və kəsmək fikrində deyil. Maraqlı yerişi və hərəkətləri ilə ev sahibinin sevimlisinə çevrilən bu toyuğa xüsusi qulluq edilir. Toyuğun bu qeyri-adi yerişini fiziki qusur adlandırmaq olmaz deyən Azad Bəşirov onu baytar həkiminə də göstərib. Təsərrüfat sahibi deyir ki, adətən fiziki qüsuru olan ev quşları çox yaşamır. Bu toyuq isə 6 aydan çoxdur yaşayır və sağlamdır.