PRESS NEWS AZERBAIJAN

Qəzzaya 5,4 milyard dollar məbləğində yardım

13.10.2014

Dünya ölkələri müharibədən sonra dağılmış Qəzza zolağında bərpa işlərinə 5,4 milyard dollar məbləğində maliyyə yardımı ayırmağa söz verib. Norveçin xarici işlər naziri Boerge Brende beynəlxalq yardımın ayrılması xəbərini Qahirədə 30 ölkənin iştirakı ilə keçən donorlar konfransının sonunda açıqlayıb. Bu, Qəzzanın bərpası üçün Fələstin prezidenti Mahmud Abbasın dediyi kimi lazım olan 4 milyard dollardan artıq məbləğdir.

 

Bu maliyyə iyul və avqust aylarında İsrail və Fələstin arasında 50 gün davam edən hərbi münaqişədən sonra böyük dağıntılara məruz qalmış Qəzzanın infrastrukturunun bərpası üçün lazımdır. Donorlar arasında bir milyard dollar həcmində ən böyük maliyyə yardımını təbii qazla zəngin Qətər ayırmağa söz verib. Avropa İttifaqı ölkələri 568 min, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə isə Qəzzanın bərpası üçün hərəsi 200 milyon dollar məbləğində yardım ayırmağa söz verib. Birləşmiş Ştatlar fələstinlilərə 212 milyon dollar məbləğində yardım ayırmağa söz verib. ABŞ dövlət katibi Con Kerri Qahirədə keçirilən konfransda maliyyənin ayrılacağını elan edərək, Qəzzanın yardıma ehtiyacı olduğunu deyib. ABŞ humanitar yardım üçün artıq 118 milyon dollar ayırıb. ABŞ dövlət katibi və konfransın digər iştirakçıları on illərdir sürən İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün tərəfləri müzakirələri bərpa etməyə də çağırıb. Con Kerri deyib ki, tərəflər davamlı sülhə nail olmaq üçün “çətin seçimlər” etməlidir.

 

Fələstinlilərin prezidenti Mahmud Abbas dəymiş zərərin miqyasını və yardıma ehtiyac olduğunu vurğulayaraq, İsrail və “Həmas” arasında 50 gün davam edən münaqişə nəticəsində bəzi məhəllələrin bütünlüklə dağıldığını deyib. Münaqişə nəticəsində əksəriyyəti mülki vətəndaşlar olan 2100 fələstinli, İsrail ordusunun 67 əsgəri və altı mülki vətəndaş həlak olub.

 

Misir prezidenti Əbdül Fəttah Əl-Sissi İsraili 2002-ci il təkliflərinə əsaslanan yeni sülh səylərinə başlamağa çağırıb. Təkliflər İsrailin 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı işğal etdiyi ərazilərdən çıxmasını nəzərdə tutur.

 

Müxbirlərin sözlərinə görə, Qəzzanın bəzi bölgələrinin görünüşü zəlzələdən sonrakı mənzərəni xatırladır. İsrail silahlı qüvvələri Qəzza zolağından raket atəşlərinə son qoymaq məqsədilə həmin ərazilərə zərbələr endiriblər. Son altı il ərzində Qəzza zolağında üç dəfə silahlı münaqişə baş verib. Yay aylarında, təxmini hesablamalara görə, 100 min fələstinlinin evləri dağıdılıb. İsrail Qahirə konfransına dəvət olunmayıb.

 

Daha əvvəl İsrail xarici işlər naziri Avigdor Lieberman bəyan edib ki, Qəzzada istənilən yenidənqurma planları üçün İsrailin razılığı alınmalıdır.

 

“Qəzzanı İsrailin iştirakı və əməkdaşlığı olmadan bərpa etmək mümkün deyil” – deyə o bildirib: “Hər necə olsa da, mülki infrastrukturun bərpası və mülki əhaliyə yardım məsələlərinə gəldikdə, biz müsbət münasibət göstərmək niyyətindəyik“.

 

İnfrastrukturun bərpası İsrailin Qəzzaya sement və başqa inşaat materiallarını daşımağa icazə verib-verməyəcəyindən asılıdır. Keçmişdə Qəzza zolağını idarə edən “Həmas” hərəkatı bu materialları İsrail ərazisinə aparan tunellərin tikintisinə yönəldirdi. Bu tunellər “Həmas”ın diversiya əməliyyatları üçün nəzərdə tutulurdu.