Ermənistan prezidenti qəflətən azərbaycanlı tələbələr barədə “atalıq qayğısı” nümayiş etdirib. Halbuki, bu yaxınlara qədər o, iddia edirdi ki, ermənilər və azərbaycanlılar bir yerdə yaşaya bilməzlər. Erməni dövlətinin başçısı Dilican şəhərində beynəlxalq məktəbin açılışında çıxış edərkən deyib ki, gərək bu məktəbdə Azərbaycanın nümayəndələri də oxusunlar. "Mən indi elə şey deyəcəm ki, çoxlarına qəribə görünəcək", - deyə Serj Sarkisyan vurğulayıb. "Mən çox istəyirəm ki, bu beynəlxalq məktəbdə azərbaycanlılar da oxusun. Əminəm ki, belə bir gün gələcək. Arzu edirəm ki, həmin gün çox tez gəlsin", - deyə o əlavə edib. Təbii ki, təhlilçilər Serj Sarkisyanı bu cür bəyanat verməyə məcbur edən səbəbləri araşdıracaqlar. Amma bu gün bir məsələ aydındır - öz fəaliyyətini genişləndirən müxalifət nəinki indiki hakimiyyətin istefasını tələb edir, həm də Dağlıq Qarabağda münaqişənin dayandırılmasını istəyir. Bundan başqa, Avrasiya İttifaqının sammitində erməni prezidentə başa salıblar ki, özünü gic yerinə qoymasını, yoxsa əlində olan hər şeyi itirə bilər. Bu da Serji sülhsevər ifadələrə keçməyə məcbur edir. Düşdükləri dalandan çıxmaq üçün Sarkisyan və onun komandasının yalnız bir yolu var - Dağlıq Qarabağdan və digər işğal edilmiş rayonlardan çıxmalıdırlar. Onda ola bilsin ki, erməni tələbələr Bakıda oxumağa can atacaqlar. Həyatda hər şey ola bilər.
ANS PRESS