top of page

Türkiyə “İŞİD”ə qarşı müharibəyə qoşuldu

BMT Kobani şəhərinə nəzarət uğrunda döyüşlərdə minlərlə insanın həyatının risk altında olduğunu bəyan edib

Türkiyə ABŞ və onun tərəfdaşlarına İraq və Şam İslam Dövlətinə (İŞİD) qarşı hərbi əməliyyatlar zamanı öz ərazisində olan hərbi bazalardan istifadə etməyə razılıq verib. Bu barədə Ağ Evin təhlükəsizlik üzrə müşaviri Susan Rays bildirib. ABŞ hökuməti rəsmisi, həmçinin bildirib ki, rəsmi Ankara, eyni zamanda ölkə ərazisində “İŞİD”ə qarşı mübarizə aparan Suriya müxalifəti yaraqlıları üçün təlim bazasının yaradılmasına da razılıq verib. Məlumata əsasən, bu təlim bazalarında 4 minə yaxın Suriya yaraqlısı təlim keçəcək.

Rays rəsmi Ankaranın bu qərarından məmnun olduqlarını ifadə edib. ABŞ Dövlət Departamenti keçən həftə Türkiyə ərazisindəki hərbi bazada amerikalı və türkiyəli mütəxəssislər tərəfindən keçiriləcək təlimlərdə ilk mərhələdə 2 min nəfərə yaxın suriyalının iştirak edəcəyini açıqlamışdı. ABŞ Müdafiə Nazirliyindən bu həftə Türkiyəyə gələcək nümayəndələr türkiyəli hərbçilərlə Ankarada görüşəcək və təlimlə bağlı proqramı dəqiqləşdirəcəklər.

B

u arada, BMT-nin baş katibi Pan Qi Mun Suriyanın Kobani şəhərinə nəzarət uğrunda döyüşlərdə minlərlə insanın həyatının riskə qoyulduğunu deyib. O, tərəflərə qətliama yol verməməyə və mülki vətəndaşları qorumağa dair xəbərdarlıq edib. Öz növbəsində ABŞ dövlət katibi Con Kerri Qahirədə çıxış edərək bildirib ki, İraqda irəliləyən “İslam Dövləti” yaraqlıları ilə vuruşmaq iraqlıların üzərinə düşür. Kerri bildirib ki, Vaşinqton Suriyanın mühasirədə olan Kobani şəhərində “faciə”dən dərin narahatlıq keçirir, ancaq “İD” yaraqlılarına qarşı dura biləcək koalisiyanı tam formalaşdırmaq vaxt alacaq.

Onun sözlərinə görə, hər şeydən öncə İraqdakı “İD” yaraqlıları ilə mübarizəyə diqqət ayrılmalı, eləcə də onların Suriyadakı mövqeləri dağıdılmalıdır. BMT rəsmiləri xəbərdarlıq edib ki, yaraqlılar Kobanini tutarsa, qırğın baş verə bilər. 3 həftədir Kobani yaraqlıların hücumuna məruz qalır.

Son məlumatlara görə, kürd qüvvələri ilə “İŞİD” silahlıları arasında qarşıdurmalar yenidən şiddətlənib. Suriya İnsan Haqları Monitorinq qrupundan bildiriblər ki, kürdlər döyüşlərdə ağır itkilər verməkdə davam edirlər. Kürdlərə dəstəyin olmaması onların vəziyyətini daha da çətinləşdirir. “İŞİD” qüvvələri isə, canlı qüvvə və texnika hesabına hər gün daha da güclənir.

Məlumata görə, “İŞİD”-çilər döyüşlərdə “T- 57” tipli tanklardan istifadə etməyə başlayıblar. Hazırda onlar Kobanini cənub, şərq və qərbdən mühasirəyə alıblar. Türkiyə ilə sərhədlərdə yaradıla biləcək humanitar dəhliz isə, hələlik rəsmi Ankara tərəfindən rədd edilir. Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında fəaliyyət göstərən antiİŞİD koalisiyası “İŞİD” silahlılarının mövqelərinə aviazərbələr endirməyə davam edir.

Son günlərdə aviazərbələrin sayı artırılsa da, kürdlər havadan endirilən zərbələrin təsirsiz olduğunu bildiriblər.

bottom of page