top of page

Nazirlikdə işləmək istəyənlərin nəzərinə!

Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edir. Nazirlikdən qəzetimizə daxil olan məlumata görə, dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 20.10.2014-cü il tarixdən 02.11.2014-cü il saat 24:00-dək həyata keçirilir. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilər.

Qeyd edək ki, ümumilikdə 8 vakant yer üzrə müsabiqə keçiriləcək. Müsabiqənin sonuna qədər vakant yerlərin sayı dəyişə bilər.

bottom of page