top of page

Aİ Rusiyanı Ukraynada atəşkəsi təmin etməyə çağırdı

Qurum həmçinin qanunsuz silahlı qrupları, hərbi texnikanı, yaraqlıları geri çəkməyi tələb edib.

Avropa İttifaqı Rusiyanı Ukraynada böhranı həll etmək üçün Minsk razılaşmasındakı öhdəliklərini yerinə yetirməyə çağırıb. Aİ dünən xarici işlər nazirlərinin görüşündən sonra bəyanat yayıb. Qurum bildirir ki, “Minsk sənədləri çərçivəsində bütün digər öhdəliklərin dərhal yerinə yetirilməsini” gözləyir. Aİ həmçinin qanunsuz silahlı qrupları, hərbi texnikanı, yaraqlıları geri çəkməyə, Ukrayna-Rusiya sərhədinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Bəyanatın verildiyi gün Ukraynanın şərqində, separatçıların nəzarətində olan Donetsk şəhərində sursat zavodu partladılıb. Xəsarət alanlar barədə məlumat yoxdur. Rusiyayönümlü yaraqlılar Ukrayna qüvvələrinin zavodu raketlə vurduğunu deyir. Ukrayna ordusu hadisəyə dəxli olmadığını bildirib. Bu arada, Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları qondarma “Donetsk Xalq Respublikası” separatçıları tərəfində döyüşməyə gedən Polşa vətəndaşlarını saxlayıb. Bu barədə Gazeta Wyborcza nəşri məlumat yayıb. İnsident Polşa-Ukrayna sərhədində baş verib. Saxlanılan şəxslərin özlərini “polşalı avrasiyalı” adlandıran, Polşada fəaliyyət göstərən “Falanga” millətçi təşkilatının üzvləri olduğu bildirilir.

O da bəlli olub ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası oktyabrın 24-nə planlaşdırılıb. Bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəliyinin mətbuat katibi Aleksey Zaytsev bildirib. “Ukraynadakı vəziyyətlə bağlı açıq debatlar keçiriləcək” - deyə o qeyd edib. İclasın açıq olacağı bildirilir. Bundan əvvəl Rusiya XİN Ukraynada keçirilmiş etiraz aksiyalarından sonra BMT və ATƏT-i Kiyevə təsir etməyə çağırıb.

Ukrayna hərbçiləri Donetsk vilayətində kaset bombalarından istifadə edib. Bu barədə “Human Rights Watch” hüquq təşkilatının yaydığı hesabatda bildirilir. “Ukrayna hökumət qüvvələri Donetsk şəhərinin yaşayış məntəqələrində kaset bombalarından istifadə edib. Yaşayış məntəqələrində kaset silah-sursatlarından istifadə müharibə qaydalarını pozur və hərbi cinayət hesab olunur” - deyə təşkilatın yaydığı bəyanatda vurğulanır. Təşkilat bir həftə davam edən araşdırmalardan sonra bu qənaətə gəlib.

Öz növbəsində “Amnesty İnternational” da Ukraynanın şərqində həm Rusiya tərəfdarı separatçılar, həm də Kiyev hökuməti qüvvələrinin ayrı-ayrı kütləvi qətllərə görə məsuliyyət daşıdığını bildirib. Təşkilat açıqladığı hesabatda, eyni zamanda Rusiya mediası və rəsmilərinin bu kimi məlumatları şişirtdiyini bəyan edib. “Amnesty İnternational” hesabatda Ukraynanın şərqində hər iki tərəfin məhkəmədən kənar azı bir kütləvi qətl törətdiyini deməyə əsas olduğunu bildirib. Sentyabr ayında Rusiya mediasında Ukrayna hərbi qüvvələrinin nəzarətində olan Donetsk regionunda iki kənddə kütləvi məzarlığın tapıldığı haqda məlumat verilmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov kütləvi məzarlıqda 400-dən çox cəsədin aşkar edildiyini bildirmişdi. Lakin “Amnesty İnternational” təşkilatı kütləvi məzarlığın tapıldığı əraziyə nümayəndə heyəti göndərərək, orada doqquz cəsədin olduğu üç məzarın aşkar edildiyini bildirib. Bu cəsədlərdən beşinin münaqişə zamanı öldürülmüş Rusiya tərəfdarı separatçılara aid olduğu güman edilir. Qrupun bildirdiyinə görə, qalan dörd cəsədin Kiyevin nəzarət etdiyi qüvvələr tərəfindən məhkəməsiz öldürülmüş insanlara aid olduğuna dair güclü dəlil var.

“Amnesty İnternational” Rusiya tərəfdarı üsyançılara məxsus mənbələr, eləcə də Rusiya mediası və rəsmilərinin cəsədlərin sayı və törədilmiş müharibə cinayətlərinin həcmi ilə bağlı şişirdilmiş məlumatlar verdiyini bildirib. Qrupa əsasən, separatçı qüvvələr Ukraynanın şərqində Luqansk rayonunda yaz və yay aylarında bir neçə adamı edam edib. Aprel ayında münaqişə başlayandan Ukraynanın şərqində 3500 insanın öldürüldüyü bildirilir.

Yeri gəlmişkən, Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq Avropa və Birləşmiş Ştatlardan gətirilən ərzaq məhsullarına qoyulmuş məhdudiyyətləri genişləndirərək, müxtəlif növ ət məhsullarına qadağa tətbiq edib. Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət edən “Rosselxoznadzor” Avropa ölkələrindən dana və donuzun iç orqanları, həmçinin dana, donuz və toyuq piyinin idxalına məhdudiyyətlərin çərşənbə axşamı günündən qüvvəyə minəcəyini bildirib. Agentlik məhdudiyyətlər haqda qərarın Avropada bu məhsullarda qadağan olunmuş və zərərli maddələrin aşkar edilməsindən sonra verildiyini bildirib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Krımı ilhaq etdiyinə və Ukraynanın şərqində separatçılara dəstək verdiyinə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları tənqid edib. Nazir Moskvada hakim “Yedinaya Rossiya” partiyası tərəfindən təşkil edilmiş tədbirdə məruzə ilə çıxış edib. O deyib ki, Ukrayna və Rusiya tərəfdarı separatçıların keçən ay atəşkəs haqda razılıq imzalamasından sonra Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi Birləşmiş Ştatların Avro-Atlantik məkanda öz liderliyini bərpa edib, “Rusiyanı öz yerinə oturtmaq” məqsədilə Ukraynada vəziyyətdən istifadə etdiyini göstərir.

bottom of page