PRESS NEWS AZERBAIJAN

İŞİD-in raketləri Türkiyədə

27.10.2014

 

Yaraqlılar tərəfindən atılan raket mərmilərindən biri Şanlıurfa vilayətinə düşüb.

 

“İŞİD” silahlılarının Kobani şəhərinin mərkəzini ələ keçirmələrinə dair xəbərlər yayılıb. Tərəflər arasında baş verən qarşıdurmalar zamanı “İŞİD”çilər kürd partiyası “PYD”nin baş qərargahını top və digər ağır artilleriyadan atəşə tutublar. Kürd silahlıları isə şəhərin şərq hissəsindən terrorçu qruplaşmanın mövqelərini hədəfə alıblar. Dünən gün ərzində qarşıdurmalar davam etsə də, anti-İŞİD koalisiyasına məxsus qırıcıların “İŞİD”çilərə müdaxiləsi müşahidə olunmayıb.

 

Kürd döyüşçülər Amerika Birləşmiş Ştatlarına “İŞİD” mövqelərinin bombalanması üçün çağırış edib. Kürd komandanlığı “İŞİD” silahlılarının onların nəzarəti altında olan Raqqa şəhərindən tank, ağır artilleriya və silah ehtiyatı əldə etdiyini məruzə edib.

 

Döyüşlər zamanı “İŞİD” silahlıları tərəfindən atılan raket mərmilərindən biri Türkiyənin Şanlıurfa vilayətinə düşüb. Məlumata görə, mərmi bir qədər əvvəl təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunan mühacir düşərgəsinə tuş gəlib. Hadisə zamanı ölən olmayıb.

 

Bu arada “İŞİD” koalisiya təyyarələrinin fikrini yayındırmaq üçün Kobanidə partlayış törədib. Terror qrupu Türkiyə sərhədinə 500 metr məsafədə bomba yüklü avtomobili partladıb. “Al Jazeera”nın xəbərinə görə, partlayışdan sonra çox şiddətli qarşıdurmalar başlayıb. “İŞİD” Mürşitpınar sərhəd darvazasının olduğu bölgəni ələ keçirmək üçün ağır silahlarla hücuma keçib. Mərmilər Mürşitpınar məhəlləsindəki Süleyman Şah Dostluq Parkının yanındakı boş əraziyə düşüb. Hadisədə ölən və yaralanan olmayıb.