top of page

"Həzrəti Hüseyn (ə) fitnədən qaçmağı, nifaqdan uzaq durmağı, yəni qardaşlığı, birliyi öyrədib"

"Qatil şiə ya da sünni olmamışdan əvvəl qatildir, terrorist ələvi ya da sələfi olmadan əvvəl terroristdir. Məsciddə namaz qılanlarına arasına girib üzərində olan bombanı partladana "şiə" deyib cinayəti qanuniləşdirmək şübhəsiz ki, Yezidin tərəfində olmaq deməkdir".

İnterAz-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məhərrəm ayı ilə bağlı Prezident sarayında çıxışı zamanı bildirib. Ərdoğan çıxışına Ramazan ayından sonra Məhərrəm ayına qovuşduqları üçün Allaha həmd edərək başlayıb. Türkiyə prezidenti daha sonra Həzrəti Məhəmməd (s.ə.s.), Həzrəti Əli (ə), Həzrəti Hüseyn (ə) və Həsəni (ə) bu ifadələrlə salamlayıb:

"Məhərrəm orucunun Ramazan orucundan sonra ən fəzilətli oruc olduğunu bizlərə bildirən Peyğəmbərimizi (s.ə.s.), Hicri tarix ilə 61-ci il, Məhərrəm ayının 10-da Kərbəlada şəhid edilən Həzrəti Hüseyni (ə) və əhli-beytin şəhadətlərini ədəblə və hörmətlə yad edir, Allahın salamı, rəhməti, bərəkəti Hüseynin (ə) və əhli-beytin üzərinə olsun deyirik. Bundan başqa Həzrəti Hüseynin (ə) qardaşı Həsəni (ə) və ataları Həzrəti Əlini (ə) də hörmətlə yad edir, Allahın salamı onların üzərlərinə olsun deyirik.

Məhərrəm ayının 10-da Həzrəti Adəmin (ə) tövbəsi qəbul olmuş, Həzrəti Musa (ə) dənizi iki hissəyə bölərək məzlum insanları fironun əlindən bu gün qurtarmış, Həzrəti Yusif (ə) quyudan bu gün çıxmış, Həzrəti İsa (ə) Məhərrəm ayının 10-u dünyaya gəlmiş, elə bu gündə də səmaya qalmışdır. Şübhəsiz ki, Həzrəti Hüseyn (ə) və əhli-beytin Məhərrəm ayının 10-da məruz qaldığı faciə və insanlıq tarixindəki bu hadisələr bir ibrət nümunəsi, insanlıq üçün bir dərsdir. Həzrəti Hüseyn (ə) haqq yolunda qoyduğu canı ilə bizə yaxşı və pis arasındakı fərqi öyrədib. Həzrəti Hüseyn (ə) məhz bu gündə haqq ilə nahaqqın mübarizəsini göstərib. Belə ki, Kərbəlada bizə fədakarlığı, cəfakarlığı, haqqı tələb etməyi və səbri öyrədib. Ən vacibi Həzrəti Hüseyn (ə) Kərbəlada canından keçərək fitnədən qaçmağı, nifaqdan uzaq durmağı, yəni qardaşlığı, birliyi öyrədib. Kərbala ortaq tariximizdə son dərəcə kədərli, eyni zamanda son dərəcə ibrətamiz dərslərlə, hikmətlərlə dolu olan hadisədir".

bottom of page