top of page

Ermənilərin Laçına köçürülməsinə XİN-dən REAKSİYA

Ermənistan KİV-nin verdiyi məlumata əsasən, Suriyadan qaçan 28 erməni ailəsi Azərbaycanın işğal altında olan Laçın şəhərində yerləşdirilib. Laçının məskunlaşdırma üzrə idarəsinin rəhbəri Robert Matevosyan bildirib ki, bu ailələr rayonun müxtəlif yaşayış məntəqələrində yerləşdirilib. Onun sözlərinə görə, üç ailə isə Laçın şəhərinin özündə məskunlaşıb və onlardan bəziləri burada müvəqqəti, bəziləri isə həmişəlik bu şəhərdə qalacaq. AzVision.az məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mövqeyini öyrənib. Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, Ermənistanın bu addımı Azərbaycan torpaqlarının ilhaq olunması siyasətini yürüdür: “Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma siyasətinin Ermənistan tərəfindən aparılması 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokolları ilə bilavasitə ziddiyyət təşkil edir. Beynəlxalq humanitar hüquqda işğalçı dövlətin işğal olunmuş ərazidə demoqrafik vəziyətin dəyişdirilməsinə doğru olan addımları və buna görə onun üzərinə düşən məsuliyyət aydın şəkildə müəyyən olunmuşdur. Bu baxımdan Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsinə doğru olan addımları təxribatçı xarakter daşıyır və bir daha ona dəlalət edir ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının ilhaq olunması siyasətini yürüdür”,-deyə H.Hacıyev qeyd edib.

bottom of page