top of page

17 yaşlı dindarı niyə öldürdülər? - VİDEO

Ötən gecə Sabunçu rayon ərazisində 17 yaşlı gəncin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

PressNews.Az xəbər verir ki, APA TV-nin məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində, 13-cü polis bölməsinin inzibati ərazisində qeydə alınıb.

Bir neçə gənc aralarında yaranan mübahisəni həll etmək üçün bir yerə yığışıblar. Bu zaman 1997-ci il təvəllüdlü Şamo Nizami oğlu Yunisov naməlum şəxs tərəfindən bıçaqlanıb. Davada iştirak edən şəxslərin dindar olduqları, mütəmadi olaraq məscidlərdə görüşdüyü bildirilir. Mərhumun qohumları isə hadisənin dini zəmində baş verdiyini inkar ediblər. Mərhum Şamo Yunisovun dindar olduğu bildirilsə də, hadisənin dini motivində baş verdiyi ehtimal olunmur.

Mərhumun əmisi Bəhman Yunisov bıçaqlanma hadisəsinin gödəkcələrin dəyişdirilməsi üstündə baş verdiyini deyib: “Bildiyim odur ki, öz aralarında gödəkcələrini dəyişmək istəyiblər. Sakit uşaqdır, namaz qılandır. Kənardan biri gəlib müdaxilə edib. Bu da deyib ki, çıx get, sənlik deyil. Mübahisə düşüb, gələn şəxs Şamonu bıçaqla vurub”.

Sabunçu rayon Polis İdarəsindən bildiriblər ki, hadisəni törətməkdə təqsirli bilinən şəxs artıq müəyyən edilib. İstintaq araşdırmaları getdiyindən saxlanan şəxsin adı hələlik açıqlanmır. Faktla bağlı daha iki nəfərin də idarədə saxlanıldığı bildirilir.

Xatırladaq ki, Şamo Yunisov hadisədən sonra döş qəfəsinin ön divarının orta hissəsinə daxil olan bıçaq xəsarəti ilə Sabunçu rayon xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.

bottom of page