Həmsədrlər cəbhə xəttində vertolyotun vurulmasına münasibət bildiriblər
"Dağlıq Qarabağda münaqişənin genişlənməsi heç kəsin marağında deyil". ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində Ermənistan ordusuna məxsus döyüş helikopterinin vurulması ilə nəticələnən insidentə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, tərəflər gərginliyin daha da artmasından çəkinməli və bir seçim kimi müharibədən imtina etməlidir. Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış edərək, cəbhə xəttində baş verənlərdən narahatlıq ifadə ediblər.Onlar tərəfləri vəziyyəti gərginləşdirən addımlardan çəkinməyə çağırıblar: “Bölgə bu yay baş verən dəhşətləri bir daha yaşaya bilməz. Bu gün baş verənlər bizə Dağlıq Qarabağ münaqişəsinin necə həssas olduğunu xatırladır və münaqişənin həlli üçün səyləri artırmağa sövq edir. Biz tərəflərə mümkün dərəcədə yardım etmək mövqeyimizdə qalmağa davam edirik”.