top of page

Ordumuzun vurduğu helikopterin yeni görüntüləri - VİDEO

Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində vurulan Ermənistanın hərbi helikopterinin yeni görüntüləri yayılıb.

PressNews.Az, ANS PRESS-in verdiyi məlumata istinadən, xəbər verir ki, erməni mətbuatının yaydığı videoda hər iki helikopterin cəbhə xətti boyunca uçduğu və helikopterlərdən atəş açıldığı aydın şəkildə görünür.

Halbuki, Ermənistan tərəfi bəyan etmişdi ki, həmin helikopterlərdə heç bir silah olmayıb və sadəcə uçuşlar həyata keçiriblər. Guya Azərbaycan Silahlı Qüvvələri dinc şəkildə uçuşlar həyata keçirən helikopteri vurublar.

Erməni mətbuatında yayılan bu video isə Ermənistan Müdafiə Nazirliyinin bu bəyanatının həqiqətə uyğun olmadığını ifşa edib. Belə ki, videoda hər iki helikopterdən atəş açıldığını görmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopterlərində biri məhv edilib, digəri isə uzaqlaşıb. Helikopterin vurulması nəticəsində 3 pilot ölüb.

bottom of page