Hamını futbola cəlb etmək mümkün deyil. İnsanların futbola gəlməsi üçün yaxşı oynamaları lazımdı. Bunun üçün heç olmasa, insanlar 1 manat verib bilet almalıdırlar. Bu kimi problemlər birlikdə həll olunur. Futbolun ictimai dəstəyi də olmalıdı. Təkcə milyonçuları cəlb etməklə alınmır. Bu, mənim də ən yaralı yerimdir.
PressNews.Az Apasport.az-a istinadən xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti mətbuat konfransı keçirib.
O bildirib ki, xorvatiyalı Robert Prosineçki əsas yığmaya baş məşqçi təyin edilib: “Həm cavandı, həm də milliyə yeni oyun stili gətirə bilər”.
AFFA prezidentinin sözlərinə görə, Məşqçilər Komitəsi aşağı yaş qrupları ilə bağlı raport hazırlayacaqlar. “Yəqin yadınızdadı, biz Almaniyada məşqçi kitabları alıb payladıq. Bilmirik, uşaq məşqçiləri ondan istifadə edirlərmi. Məhz bu kimi məsələlərə nəzarət etmək üçün Məşqçilər Komitəsi yaradılıb. Rayonlarda uşaq məktəblərində məşqçilərə o qədər pul ayrılır ki, onların bu pulları necə istifadə etdiyini bilmirik. Həmin komitə də məhz buna nəzarət etmək üçün yaradılıb. Bəzi futbolçular müqavilə bağlayıb, 5 manat pul alan kimi göstəriciləri aşağı düşür. Siz jurnalistlər də bunlarla iş aparmalısız. Messi desin ki, oynamasam da bu qədər pul alıram. Amma bizimkilər deyir ki, 5 manat pulum varsa, niyə özümə əziyyət verim?”.