top of page

Polisi əzən sürücü məşhur adamın qohumu çıxdı - FOTO

Bakıda yol polisinə xəsarət yetirən “Porsche”nin sürücüsü həbs olunub.

PressNews.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, dekabrın 4-də Bakının Səbail rayonunda Şeyx Şamil və İstiqlaliyyət küçələrinin kəsişməsində, metronun “İçərişəhər” stansiyasının qarşısında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, yol polisi serjantı xidməti zamanı “Porsche Cayenne” markalı, 90-KF-155 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə istiqamətin dəyişdirilməsi barədə göstəriş verib. Lakin “Porsche”nin sürücüsü əmrə tabe olmayıb, polis serjantına qarşı kobudluq nümayiş etdirib və avtomobilini onun üstünə sürüb.

Daha sonra isə avtomobillə İstiqlaliyyət küçəsi ilə Azneft dairəsi istiqamətində hərəkət edib. Sürücü Azneft meydanında saxlanılacağını düşünərək 6 nömrəli orta məktəbin qarşısı ilə, Şövkət Məmmədova küçəsi ilə hərəkətin əksi istiqamətində gedərək Bəhram Gur abidəsi dairəsindən çıxmaqla məsuliyyətdən yayınmağa nail olub.

“Dövlət yol polisi tərəfindən tərtib edilmiş raport əsasında həmin sürücü barəsində dərhal axtarış elan edilib. Bu gün həmin sürücü tapılaraq barəsində tədbir görülməsi üçün sənədləşdirmə aparılıb. Aparılan sənədləşdirmə zamanı məlum olub ki, sürücü özəl şirkətlərdən birində işləyən 1989-cu il təvəllüdlü Əliağa Rüfət oğlu Kürçaylıdır”.

V.Əsədov bildirib ki, bu gün Səbail rayon Məhkəməsinin qərarı ilə Ə.Kürçaylı İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) tələbi ilə 15 sutka inzibati həbs cəzasına layiq görülüb.

Qeyd edək ki, Ə.Kürçaylının Azərbaycanın tanınmış şairi, dramaturq Əliağa Kürçaylının nəvəsi olduğu bildirilir.

bottom of page