top of page

Azərbaycanda unun qiyməti bahalaşdı - Çörəyin də bahalaşacağı gözlənilir

İlin sonlarında ölkədə bahalaşmanın olacağı ilə bağlı proqnoz özünü doğrultdu. Belə ki, ərzaq məhsullarının qiymətində nəzərə çarpacaq dərəcədə bahalaşma qeydə alınıb.

Yumurtanın qiymətində 4-5 qəpiklik artımdan sonra xaricdən idxal olunan bir sıra ərzaq məhsullarının da qiyməti qalxıb. Xüsusilə də Türkiyə istehsalı olan duru yağların, həmçinin Ukraynada istehsal edilən süd məhsullarının ölkəyə gətirilməsində də problemlər yaranıb.

Satıcılar bu məhsulların “yoxa çıxmasının” səbəbini dəqiq bilməsələr də, bunu daxili istehsalçıları himayə edən məmur-oliqarxların inhisar siyasətinin əlaməti kimi izah edirlər.

Maraqlısı odur ki, xaricdən gətirilən duru yağların sıxışdırılması fonunda yerli malların qiymətində ciddi şəkildə artım qeydə alınmaqdadır. Çörəkdən istifadəyə görə öncül yerlərdən birini tutan Azərbaycan əhalisini narahat edən digər xəbər isə unun qiymətində ciddi artımın müşahidə olunmasıdır.

Bu sahədə fəaliyyət göstərən iş adamları tərəfindən musavat.com-a verilən məlumata görə, son günlər topdansatış mərkəzlərində bir kisə 50 kq-lıq unun qiyməti 17,40 AZN-dən 18,80 AZN-ə qalxıb.

Belə olan şəraitdə çörəyin çəkisinin azalacağı, yaxud qiymətinin artacağı da istisna olunmur.

Bəzi ekspertlər bu bahalaşmanın bir səbəbini də son vaxtlar milli valyutaların inflyasiyaya uğraması ilə izah edir. Ancaq bahalaşmanın davam edəcəyi də istisna olunmur. (müsavat.com)

bottom of page